Nazir əməkdar artisti yubileyi münasibəti ilə təbrik edib
22 dekabr 2016 14:29 (UTC +04:00)

Nazir əməkdar artisti yubileyi münasibəti ilə təbrik edib

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əməkdar artist Mehriban Zəkini yubileyi münasibəti ilə təbrik edib. Lent.az təbrik məktubunu təqdim edir.  

 

"Azərbaycan Respublikasının əməkdar artisti Mehriban Zəkiyə

 

Hörmətli Mehriban xanım, 

 

Milli teatr sənətinin inkişafındakı fəaliyyətinizi yüksək qiymətləndirərək, həyatınızın ən əlamətdar və yaddaqalan hadisələrindən biri – 50 illik yubileyiniz münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edirəm.

 

Siz respublikamızın tanınıb-seçilən, sevilən görkəmli sənətçilərdən birisiniz. 25 ildən artıq bir dövrü əhatə edən fəaliyyətiniz hər zaman göz önündə olub. Dolğun, çoxşaxəli yaradıcılığınız, təkrarsız ifa mədəniyyətiniz sənətsevərlərin rəğbətini qazanıb.

 

Yaratdığınız bir çox obrazlar – Yaşıl donlu (“Salam”, Şəhriyar), Banu Çiçək (“Kitabi-Dədə- Qorqud”), Tülkü (“Açar” - “Sirlər xəzinəsi” Nizami), Pəri (“Səma” – “Dəhnamə”, Xətai), Mim (“Sentimental vals”, A Çexov), Lavani (“Adam uşağı”, V. İbrahimoğlu), Qırmızı rəng (“Ən gülməli ölü”, V.Bayatlı) öz təbiiliyi, həyatiliyi, emosional təsiri, dərin psixoloji yozumu ilə seçilib.

 

Minlərlə kinosevər Sizi təkcə Mehriban xanım deyil, eyni zamanda Jurnalist qız (“Ümid”), Lətifə (“Otel otağı”), Elmira (“Ailə”), Gülya (“Məkanın melodiyası”), Teybə (“Küçələrə su səpmişəm”), Maya (“Əlvida cənub şəhəri”) kimi kino qəhrəmanlarının adı ilə də tanıyırlar.

 

Bu illər ərzində Siz söz xəzinəmizin təbliğində, zənginləşməsində böyük zəhməti olan mahir söz ustası kimi sevilmisiniz. İndi tam əminliklə deyə bilərik ki, Mehriban Zəki öz yaradıcılıq fəaliyyəti ilə zəngin bir məktəb yaradıb: bənzərsiz, səmimi, çılğın və ehtiraslı. Bir çox gənclərə nümunə ola biləcək, düşündürən, mübarizliyə və mübarizəyə sövq edən poeziya ifaçılığı məktəbi.

 

Hörmətli yubilyar!

 

Ümidvarıq ki, Sizin daha işıqlı və nurlu illəriniz hələ qarşıdadır. Bu fərəhli gündə Sizi bir daha təbrik edir, cansağlığı, ailə səadəti, xoşbəxtlik diləyirəm. Qoy bütün arzularınız çin olsun!"

 

# 283
avatar

Oxşar yazılar