Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
***
Saat: 10:40
Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları Türkiyənin zəlzələ baş verən Kahramanmaraş şəhərində səhər saatlarında zəlzələ baş verən ərazidə əməliyyatları davam etdirir.
Lent.az-ın məlumatına görə, APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, azərbaycanlı xilasedicilər tərəfindən 198 saatdan sonra Muhammet Enes və Abulbaki adlı şəxs dağıntılar altından sağ olaraq xilas edilib.