Şəhid Tahir İdris oğlu Talıbov
12 yanvar 2021 10:23 (UTC +04:00)

Şəhid Tahir İdris oğlu Talıbov

Şəhid anası: “Başınızı dik tutun” - REPORTAJ

Qubanın Çiçi kəndindən olan şəhid Tahir İdris oğlu Talıbov Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılıb.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hərbi xidmətdə olan Tahir Cəbrayıl və Füzulidə şiddətli döyüşlərdə iştirak edib. Bir sıra yaşayış məntəqələrimizin işğaldan azad olunmasında şücaət göstərərək komandirlərinin rəğbətini qazanıb.

Oktyabrın 9-da Füzuli şəhəri istiqamətində döyüşdə şəhid olmuş yoldaşını atəş altından çıxararkən yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Tahir Talıbov 2002-ci ildə Quba rayonunun ucqar Çiçi kəndində dünyaya göz açıb. Ailədə beş qardaş, bir bacı olublar. Ötən ilin aprel ayında hərbi xidmətə yollanıb. Şəhidin anası Xalidə Talıbova deyir ki, Bakı şəhərində yerləşən hərbi hissələrin birində xidmətdə olsa da, Vətən Müharibəsi başlayan kimi öz xahişi ilə ön cəbhəyə yollanıb: “Anaya, Vətənə bağlı uşaq idi. Məni çox istəyirdi. Telefonla danışanda heç vaxt hərbi sirri verməzdi. Ancaq deyirdi ki, ana, özündən muğayat ol, tezliklə görüşəcəyik, oktyabr ayında məzuniyyətə gələcəyəm. Amma şəhid olub gəldi. Sonuncu dəfə oktyabrın 5-i telefonla danışmışıq. Əsgərlərlə birgə yüksək əhval-ruhiyyədə idilər. Yanındakı əsgərlərlə də danışdım”.

Anasının sözlərinə görə, Tahirin nəşini bir neçə gün atəş xəttindən götürmək olmayıb: “Müharibə barədə qardaşları ilə danışırdı. Amma tapşırırdı ki, anaya heç nə deməyin. Şəhid olması xəbərini komandiri böyük qardaşına zəng edib məlumat verib. Bildirib ki, Tahir şəhid olub, amma onu düşmənin atəşi altından hələ ki, götürmək mümkün deyil. Səkkiz gündən sonra oğlumun nəşini ərazidən götürə bildilər. Tanınması üçün qan analizi verdik. Tahiri noyabrın 7-də dəfn etdik. Şəhid analarına demək istəyirəm ki, başınızı dik tutun. Onlar Vətən uğrunda döyüşərək, şəhid oldular”.

Şəhidin bacısı Xəyalə Talıbova qardaşının çox gülərüz və həyat eşqi ilə dolub-daşan bir gənc olduğunu bildirib: “Beş qardaşın bir bacısıyam. Onu uşaq vaxtı mən saxlamışam. İndi onun yoxluğuna dözə bilmirəm. Ürəyim yanır. Elə bilirəm qayıdıb gələcək. Əsgərliyə gedəndə dedi ki, bacı, Qarabağı biz alıb gələcəyik”.

Tahirin uşaqlıqdan idmana həvəsi olub. Oxuduğu məktəbin futbol komandasında çıxış edib. Müəllimi İlqar Cümşüdov onu vətənpərvər şagird kimi xatırlayır: “Tahirə 7-ci sinifdən dərs demişəm. O, məktəb dövründə çox mədəni, hörmətcil və vətənpərvər şagird idi. Əsgərliyə getməmişdən qabaq gəlib məktəbdə bütün müəllimləri ilə sağollaşdı, halallaşdı. Biz onunla fəxr edirik. O, hamımızın başını uca elədi”.

Sinif yoldaşı Əkbər Əsədov deyir ki, hərbi sahədə çalışmaq Tahirin ən böyük arzusu olub: “Biz 2008-ci ildə bir yerdə birinci sinfə getmişik. Tahirlə bağlı xatirələrimiz çoxdur. Hərbi sahədə çalışmaq onun böyük arzusu idi. İşə düzəldikdən sonra ailə qurmaq, ev tikmək istəyirdi. Evinin yeri də hazır idi. Kənddə yaşayacağam deyirdi. Əsgərliyə getməmişdən qabaq bütün dostları yığıldıq. Səhər yola salanda dedi ki, Qarabağı azad edib qayıdacağam. Elə oldu ki, Qarabağ azad olundu, amma Tahir qayıtmadı”.

Şəhid Tahir Talıbov Çiçi kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4773
avatar

Oxşar yazılar