Müğənni Rəhim Rəhimli ilə öz evində vida mərasimi keçirilib.
Lent.az xəbər verir ki, mərasimdən sonra cənazəsi dəfn olunmaq üçün Suraxanı rayonu Bülbülə qəsəbəsinə aparılıb.
Dəfn mərasimində Rəhim Rəhimlinin ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Saat: 13:25
Mərhum müğənni Rəhim Rəhimli evindən son mənzilə yola salınıb.
Lent.az görüntüləri təqdim edir:
***
Saat: 12:35
Rəhim Rəhimli ilə vida mərasiminə onun sənət yoldaşları da qatılıb.
Lent.az xəbər verir ki, mərasimdə Xalq artisti Aygün Kazımova, müğənnilər, Zamiq Hüseynov, Vasif Məhərrəmli, Niyam Salami, Elza Seyidcahan, aparıcı Kamilə Babayeva, bəstəkar-aparıcı Murad Arif, aparıcı Zümrüd Bədəlova və başqaları iştirak ediblər.
***
Saat: 10:35
Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış müğənnisi Rəhim Rəhimli bu gün gecə saatlarında dünyasını dəyişib.
Lent.az xəbər verir ki, o, gecə Mərdanov qardaşları küçəsi 3-də yerləşən anası ilə yaşadığı mənzilində dünyasını dəyişib.
Yaxın dostu, qonşusu Mirzə Məmmədov onunla bağlı xatirələrini Lent.az-a bölüşüb:
“Mən Rəhimin üst qonşusuyam. 1997-ci ildən bəri tanıyıram onu. Gecə 3-də qardaşı Anar ilə danışdım, dedi ki, rəhmətə gedib. Məşhurlardan bir neçəsi gecə gəldilər, anasının yanında oldular. Səhər 6-7-də gediblər.
Yadımdadır, mənim üçün Türkiyədən yaşıl rəngdə rolik alıb gətirmişdi. Sevinmişdim onda. Belə çox xatirələrimiz olub, hansını deyim? Deyirdi ki, qapının bir yanına sənin heykəlini qoyaq, bir yanına mənim(gülür).
Xəstəlikdən uzun müddət əziyyət çəkirdi. Müalicə alırdı. Allah rəhmət eləsin”.
Qeyd edək ki, mərhum ifaçı bu gün saat 12-də, dədə-baba torpağı Bülbülə qəbiristanlığında dəfn olunacaq.
***
Saat: 09:45
Ötən gecə dünyasını dəyişən müğənni Rəhim Rəhimli son mənzilə yola salınır.
Lent.az-ın məlumatına görə, vida mərasimi müğənninin Bakının Səbail rayonunda yerləşən mənzilində keçirilir.
Vida mərasimində mərhumun yaxınları və tanınmış sənət adamları işrtirak edir.
R.Rəhimli bu gün saat 12-də Bülbülə qəbiristanlığında dəfn ediləcək.