Yasamal rayonunda moped oğruları saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlar oğurladıqları mopedləri icarəyə verərək pul qazanıblar.
Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı rayon ərazisində baş verən silsilə oğurluq hadisələri törədənlər saxlanılıblar. Tədbir zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus mopedləri oğurlayan dəstənin üzvləri – Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadə tutulublar. Onların təkcə Yasamal rayonunda ümumi dəyəri 12 min manata yaxın olan 5 ədəd moped oğurladıqları müəyyən edilib. Dəstə üzvləri oğurladıqları mopedləri paytaxt ərazisində müxtəlif şəxslərə günü 10-12 manata icarəyə verərək pul əldə ediblər.
Qeyd edək ki, Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadənin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktlarla bağlı saxlanılanlar barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.