Şəhid Elvin Qurbanov
15:41 27 dekabr 2020

Şəhid Elvin Qurbanov

"Mənə şəhid anası adını qoyub getdi, çox qürur duyuram”-VİDEO

İşğal altında olan torpaqları düşmən tapdağından azad edərkən şəhid olan qəhrəmanlarımızdan biri də qusarlı Elvin Qurbanovdur.

APA TV-nin şimal bürosunun məlumatına görə, Elvin Qurbanov 1999-cu ildə Qusarda doğulub. Orta təhsilini rayonda yerləşən internat məktəbində alıb.

Daha sonra kollecdə aşpazlıq ixtisası üzrə peşə təhsilinə yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra Qusardakı restoranların birində aşpazlıq etməyə başlayıb. Şəhidin anası Nabat Əlisoltanova deyir ki, xoş və mehriban xasiyyətinə görə hamı tərəfindən sevilən Elvin Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılıb: “Elvin sentyabrın 21-dən təlimlərə cəlb olundu. Müharibə başlayanda isə ön cəbhəyə yollandı. Oktyabrın 14-ü qəhrəmancasına döyüşərək şəhid olub. Sonuncu dəfə danışanda dedi ki, ana, heç nədən narahat olma, özünə yaxşı bax. Hərbi xidmət dövründə də ön cəbhədə səngərdə xidmət edib. Mən oğlumla fəxr edirəm. Mənə şəhid anası adını qoyub getdi. O adla mən çox qürur duyuram”.

Elvin Cəbrayıl və Füzulinin yaşayış məntəqələrinin azad olunmasında fəal iştirak edib. Füzuli şəhəri uğrunda gedən şiddətli döyüşdə artilleriya mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Babası İsaməddin və nənəsi Nübarxanım Əlisoltanovlar da nəvələrinin Vətən, torpaq yolunda şəhid olması ilə qürur duyduqlarını bildiriblər: “Bir il dörd ay idi əsgərlikdən gəlmişdi. Sentyabrda hərbi komissarlıqdan çağırış gəldi. Təlimlərdən sonra müharibəyə yollandı. Telefonla danışırdıq. Hərdən də zəng çatmırdı. Ona zəng çatmayanda Elvini anasından soruşurdum. Özü ilə danışanda deyirdi ki, arxayın ol, nənə, biz yaxşıyıq. Sonra beş gün danışa bilmədik. Məlum oldu ki, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən Prezidentimizə minnətdaram ki, öz ata nəsihətini yerinə yetirib, torpaqlarımızı işğaldan azad etdi”.

Həyat yoldaşı Birinci Qarabağ müharibəsində şəhid olan Sevdaxanım Sultanova Elvinin anasını təsəlli edən ən yaxın rəfiqələrindəndir: “Biz bir ailə kimiyik. Mən Elvinə doğma xalası qədər yaxınam. Bizim şəhidlərimizin hamısı Vətən yolunda canlarından keçib. Elvin gəncliyini, həyatını yaşamadı, amma Vətən borcunu yerinə yetirdi. Onlar bizə qələbə sevincini yaşatdılar”.

Qeyd edək ki, əsgər Elvin Qurbanov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vəli Turan

Mais Allahverdiyev

# 1035
avatar

Oxşar yazılar