Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən qaçırılan 15 türkiyəli dənizçi İstanbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Hurriyet” qəzetinin məlumatına görə, 21 gün dəniz quldurlarının əsarətində olduqlarını bildirən gəmi kapitanı Mustafa Kaya bir meşədə girov saxlandıqlarını, silahlı adamlar tərəfindən psixoloji təzyiqlərə məruz qaldıqlarını, Türkiyə XİN tərəfindən uzunmüddətli müzakirələr aparıldıqdan sonra geri qaytarıldıqlarını bildirib.
Dənizçilər onların geri qaytarılması üçün Türkiyə dövlət rəsmilərinə dəstəyinə görə təşəkkür ediblər.
Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər öldürülüb, 3 nəfər isə gəmidə qalıb.
Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılov Azərbaycana göndərilərək, doğulduğu Siyəzən rayonunda dəfn edilib.