Bakıda qanunsuz taksi fəaliyyətinə qarşı daha bir reyd keçirilib.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, növbəti reyd paytaxtın Yasamal rayonunda, Hüseyn Cavid parkı ətrafında baş tutub. Reydlərdə Bakı şəhər DYP, Bakı Nəqliyyat Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak ediblər:
“Reydlərin keçirilməsində məqsəd taksi fəaliyyətindəki nöqsanların aşkarlanıb aradan qaldırılması, həmçinin taksi avtomobillərinin texniki sazlıqlarının qaydalara uyğun olmasıdır. Sürücülərdən xahiş edirik ki, taksi fəaliyyətinin ticari-iqtisadi olduğunu nəzərə alaraq işlərinə ciddi yanaşsınlar. Fəaliyyətlərini qanun çərçivəsində həyata keçirsinlər. İnzibati məsuliyyətə cəlb olunmamaq üçün tələb olunan sənədlərlə fəaliyyət göstərsinlər".
Qeyd edək ki, reydlər başlayandan bu günədək 1500-dən çox protokol tərtib olunub.