Uşaqları şillə ilə tərbiyə  - cahilliyin ən ucuz bəhanəsi - REPLİKA
05 sentyabr 2025 20:15 (UTC +04:00)

Uşaqları şillə ilə tərbiyə - cahilliyin ən ucuz bəhanəsi - REPLİKA

0

Bu günlərdə 14 yaşlı uşağa himayəsində olduğu xalası tərəfindən işgəncə verilməsi geniş müzakirə olundu. Bu, sadəcə bir ailənin içində qapalı qalan hadisə deyil, hamımızın üzünə çırpılan bir ayıbdır. Valideyn adı daşıyan, amma uşağını döyən insan, övlad böyütmür – travmalı gənc yetişdirir.

Bir uşaq atasından, anasından qorxursa, o ev artıq ev deyil, cəza kamerasıdır. Bu uşaqların gözlərində sevgi deyil, qorxu yaşayır. Uşaqların qışqırığını eşitməzlikdən gələn qonşu, qohum, dost da eyni günahı daşıyır. “Ailədaxili məsələyə qarışmaq olmaz” – bu bəhanə, şiddətə göz yummanın üstünü örtən yırtıq pərdədən başqa bir şey deyil.

Uşaq döyməklə tərbiyə olunmur. Qol gücüylə sözünü keçirmək, yalnız zəifliyin göstəricisidir. İnsanın öz acizliyini uşağın üzərində boşaltması, sadəcə xəyanətdir – həm valideynlik borcuna, həm də insanlığa. Hər vurulan şillə, hər qışqırıq, o uşağın ruhunda iz buraxır və illər sonra böyüyəndə, o izlərdən nifrət, aqressiya və qapanmış bir ömür doğur.

Bilirik ki, bu yazını oxuyanların bəziləri içindən deyəcək: “Məni də döyüblər, amma adam olmuşam”. Yox! Sən özünü inandırmısan. Adamlığı şiddət formalaşdırmır, əksinə, içində sağalmaz yaralar qoyur. Uşaqlığı əlindən alınmış insanın içində həmişə bir boşluq qalır.

Məktəblərdə şiddətə qarşı maarifləndirmə dərsləri keçirilməlidir. Əks halda, hər döyülən uşaq sabahın ya qurbanı, ya da zorbası olacaq. Bundan əlavə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynləri olmayan, qohumlarının himayəsində olan uşaqlarla daimi maraqlanmalı və onlara şiddət göstərilmədiyindən əmin olmalıdır. 

Uşaq gülmək üçündür, qorxmaq üçün yox. Bu sadə həqiqəti anlamayan, nə ata ola bilər, nə ana. Şiddət göstərənlərin əlləri uşağın üzünə deyil, qanunun qapısına dəyməlidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar