Rafael Allahverdiyev
22 fevral 2023 20:15 (UTC +04:00)

Rafael Allahverdiyev

Operator oldu, Bakıya rəhbərlik etdi, İsveçrəyə qaçdı - UNUDULAN MƏMURLAR

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyevdən bəhs edəcəyik.

Rafael Xanəli oğlu Allahverdiyev 1945-ci il mayın 9-da Bakı şəhərində neftçi ailəsində dünyaya gəlib. 

O, 1961-ci ildə orta məktəbdən məzun olub. 1974-cü ildə Moskvadakı İctimai Elmlər Akademiyasının Mətbuat işçiləri fakültəsini bitirib. 

Daha sonra isə Qərb Universitetinin Xarici iqtisadi əlaqələr fakültəsini də bitirərək, işgüzar inzibatçılıq üzrə magistr ixtisasına yiyələnib.

Gənclik illərində “Qaradağneft” zavodunun neft və qaz istehsal edən idarəsində operator işləyib. Sonra əmək fəaliyyətini Serebrovski adına zavodda davam etdirib.

1971-1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ümumi şöbəsində təlimatçı, partiya təşkilatları şöbəsində inspektor və Mərkəzi Komitənin ümumi şöbəsinin müdir müavini olub.

1983-1988-ci illərdə Bakı şəhəri Nərimanov rayonunun birinci katibi vəzifəsində, 1989-1993-cü illərdə respublika “Sağlamlıq” cəmiyyəti sədrinin müavini işləyib. Həmin dövrdə Azərbaycan Beynəlxalq Bankının işlər müdiri vəzifəsində də çalışıb.

O, 1985-1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı da olub.

Rafael Allahverdiyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan “91-lər”dən biri olub, Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasında fəal iştirak edib.

Məhz bu istiqamətdəki fəaliyyətinin nəticəsi olaraq, Heydər Əliyev Rafael Allahverdiyevi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi mühüm vəzifəyə gətirib.

O, həm də 1993-cü ildən 2001-ci ilə qədər YAP-ın sədr müavini postunu tutub.

Bakı meri vəzifəsinə gələndən iki il sonra Rafael Allahverdiyev deputat mandatına da sahiblənib. Belə ki, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası I çağırış Milli Məclisinə 25 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilib.

O, I çağırış Milli Məclisdə Yerli özünüidarə məsələləri komissiyasının üzvü idi.

2000-ci ilin oktyabr ayının sonunda Rafael Allahverdiyev Bakı meri vəzifəsindən kənarlaşdırılıb. Həmin ilin noyabr ayında isə yenidən Milli Məclisə deputat seçildi. O, II çağırış parlamentin Regional məsələlər daimi komissiyasının üzvü idi.

Əldə olunan məlumatlara görə, 2004-cü ilin iyulunda isə Rafael Allahverdiyev deputat olmasına baxmayaraq, dindirilmək üçün Respublika Prokurorluğuna çağırıldı. Onun Baş Prokurorluğa çağırılması bir sıra müstəqil və müxalifət mətbuatında iqtidardakı bəzi məmurları tənqid edən müsahibələr verməsindən sonraya təsadüf edirdi.

Doğrudur, həmin vaxt R.Allahverdiyev deputat toxunulmazlığını əsas gətirərək Baş Prokurorluğa getməkdən imtina etdi, bununla belə vəkili və oğlu Xanəli Allahverdiyevi ora göndərməyə məcbur oldu. Çünki o, özünün məlumatlı mənbəyinə əsaslanaraq, hansısa ektremal situasiyada həbs oluna biləcəyini mümkün saymışdı.

O zaman bu barədə müxtəlif fikirlər səsləndirilsə də, R.Allahverdiyevin özü təzyiqlərin arxasında həmin vaxt Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevin adını çəkirdi.

Məsələn, R.Allahverdiyev “Exo” qəzetinə verdiyi 21 iyul 2004-cü il tarixli açıqlamasında R.Mehdiyevə təzyiqləri dayandırması üçün xəbərdarlıq ünvanlamışdı:

"...müstəqil və ya müxalif mətbuata müsahibə verməkdə pis bir şey görmürəm... Bir daha demək istəyirəm - əgər Ramiz Mehdiyev əməllərini dayandırmasa, onda ona qarşı ciddi ittiham xarakterli materiallar dərc edəcəyəm".

Bu hadisələrin fonunda Rafael Allahverdiyev 2004-cü ilin dekabrında deputatlıqdan da imtina etməli oldu. Bu azmış kimi, onu hətta YAP-dan da çıxardılar.

Azərbaycanda həbs olunacağından ehtiyatlanan Rafael Allahverdiyev ölkəni tərk edib İsveçrəyə getdi.

Rafael Allahverdiyev 2004-cü ilin sonlarından 2009-cu ilin əvvəlinə kimi İsveçrədə yaşayıb.

2008-ci ilin noyabr ayında səhhəti kəskin pisləşdiyindən onu İsveçrədə xəstəxanaya yerləşdiriblər. Bir neçə günlük müalicədən sonra isə həkimlər artıq hər şeyin gec olduğunu deyərək, ona müalicəni dayandırmağı məsləhət görüblər.

2008-ci ilin dekabr ayında keçmiş merin həyat yoldaşı Zakirə Allahverdiyeva ərinin həyatının son günlərində Bakıya qayıtmasına şərait yaradılması üçün Azərbaycan hakimiyyətinə müraciət etdi. Və dekabrın sonlarında R.Allahverdiyevin ölkəyə qayıdışına razılıq verildi.

Ailəsi R.Allahverdiyevi yalnız 2009-cu il yanvarın əvvəlində çox ağır vəziyyətdə Bakıya çatdıra bildi. O, doğulduğu şəhərə çatdıqdan cəmi bir neçə saat sonra - yanvarın 11-də dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17604
avatar

Arzu Qurbanlı

Oxşar yazılar