Azərbaycan dilində danışa bilməyən, evdən işləyən nazir - UNUDULAN MƏMURLAR
16 noyabr 2022 20:15 (UTC +04:00)

Azərbaycan dilində danışa bilməyən, evdən işləyən nazir - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq xarici işlər naziri Elmar Məmmədyarovdan bəhs edəcəyik.

Əslən Naxçıvanın Culfa rayonundan olan Elmar Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində Məhərrəm və İzida Məmmədyarovların ailəsində anadan olub. 

Onun atası Məhərrəm Məmmədyarov alimdir və 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür.

Elmar Məmmədyarov 1977-ci ildə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" bölməsinə daxil olub və 1982-ci ildə həmin ali təhsil müəssisəsini bitirib.

Elmar Məmmədyarov 1982-ci ildən 1988-ci ilə qədər Azərbaycan SSR Xarici İşlər Nazirliyində II Katib və I Katib vəzifələrində çalışıb.

1988–1991-ci illərdə Sovet İttifaqı Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında çalışan Elmar Məmmədyarov, 1989–1990-cı illərdə ABŞ-dad Braun Universitetində xarici siyasətin planlaşdırılması sahəsi üzrə çalışıb.

O, 1991-ci ildən 1992-ci ilə qədər Azərbaycanın Xarici İşlər Nazirliyində Dövlət protokolu şöbəsinin müdiri olub.

1992–1995-ci illərdə Azərbaycanın BMT yanında olan daimi nümayəndəliyində I katib vəzifəsində çalışan Elmar Məmmədyarov, 1995–1998-ci illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində Beynəlxalq qurumlar idarəsinin rəisi olub.

Elmar Məmmədyarov 1998-ci ildən 2003-cü ilə qədər Azərbaycanın ABŞ səfirliyində müşavir vəzifəsində çalışıb.

Elmar Məmmədyarov Prezident Heydər Əliyevin 2 iyun 2003-cü il tarixli 895 nömrəli sərəncamı ilə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Elə həmin gün imzalanan digər sərəncamla ona, fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

Prezident İlham Əliyevin 2 aprel 2004-cü il tarixli sərəncamı ilə Elmar Məmmədyarov Azərbaycanın xarici işlər naziri vəzifəsinə təyin edilib. Elə həmin gün imzalanan digər sərəncamla Elmar Məmmədyarov, Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən azad edilib.

2019-cu ilin iyul ayında Elmar Məmmədyarov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

2020-ci il iyulun 15-də baş tutan Nazirlər Kabinetinin iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyev Tovuz döyüşləri zamanı Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun göstərdiyi fəaliyyəti sərt tənqid edib. Elmar Məmmədyarov bu zaman özünü müdafiə edərək bildirmişdi ki, "mən evdən işləyirəm". Sabiq nazirin bu sözləri uzun müddət gündəm olmuşdu.

16 iyul 2020-ci ildə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə Elmar Məmmədyarov xarici işlər naziri vəzifəsindən azad edilib. 

Elmar Məmmədyarovun istefasından sonra Azərbaycanı tərk etməsinə qadağa qoyulub.

Sabiq nazir ingilis, rus və türk dillərini bilir. 

Lakin bəzi mənbələrdə Azərbaycan dilini zəif səviyyədə bildiyi qeyd olunub. Sabiq nazir bu səbəbdən mütəmadi olaraq tənqid olunub.

Elmar Məmmədyarov Kamilla Məmmədyarova ilə ailəlidir. Emin və Riad adında övladları var.

Oğlu Riad Məmmədyarov 2019-cu ildə ABŞ vətəndaşı Aleks Zapalla adlı xanımla evlənib. 

Elmar Məmmədyarovun digər oğlu Emin Məmmədyarov da ABŞ-da yaşayır. 2020-ci ildə  sabiq nazirin ABŞ-da Eminin adına 4,5 milyon dollarlıq mənzil alması xəbəri yayıldı. Bundan sonra Emin Məmmədyarova qarşı ABŞ-da vergidən yayınma ittihamı ilə məhkəmə iddiası qaldırılıb.

Elmar Məmmədyarov hazırda AFFA İcraiyyə Komitəsinin üzvüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16023
avatar

Arzu Qurbanlı

Oxşar yazılar