ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsi (NASA) Veneranın atmosferi və geoloji xüsusiyyətlərini tədqiq etmək üçün bu planetə iki yeni missiya göndərəcək.
Lent.az BBC News telekanalına istinadən xəbər verir ki, hər birinə 500 milyon dollar həcmində maliyyə ayrılan “Davinci+” və “Veritas” adlı missiyaların 2028-2030-cu illər arasında həyata keçirilməsi planlaşdırılır.
“NASA Yerə qonşusu olan Venera planetinə iki yeni missiya göndərəcək. Missiyaların məqsədi planetimizin bir çox xüsusiyyətinə malik olmasına baxmayaraq, onun cəhənnəmə necə çevrildiyini anlamaqdır”, - deyə qurumun saytında bildirilir.
“Davinci+” (Deep Atmosphere Venus Investigation of Noble gases, Chemistry, and Imaging) missiyası planetdə atmosferin meydana gəlməsini və inkişafını öyrənmək, həmçinin orada nə vaxtsa okean olub-olmadığını müəyyən etmək üçün tədqiqatlar aparmalıdır. VERTİAS (Venus Emissivity, Radio Science, InSAR, Topography Spectroscopy) adlı ikinci missiya isə Venerada geoloji plitələrin hərəkət prosesini və hələ də aktiv olan vulkanların mənşəyini aşkar etmək üçün planet səthinin 3D xəritəsini hazırlamalıdır.
Qeyd edək ki, Veneraya göndərilən sonuncu zond 1990-cı ildə fəzaya buraxılan “Magellan” orbital aparatıdır. Yeni missiyalar onların potensial elmi dəyərlərinə və inkişaf planlarının mümkünlüyünə əsasən seçilib.
Venera Günəş sisteminin ən isti planetidir. Onun səthində temperatur müsbət 460 dərəcəyə çatır.