Modemi ayda bir dəfə söndürün   - Səbəbi AÇIQLANDI
18 sentyabr 2026 17:00 (UTC +04:00)

Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI

0

Evdə istifadə olunan Wi-Fi routerini vaxtaşırı yenidən işə salmaq internet bağlantısının daha stabil işləməsinə kömək edə bilər. Mütəxəssislər bunu ən azı ayda bir dəfə etməyi məsləhət görürlər. r

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, routeri ayda ən azı bir dəfə yenidən işə salmaq faydalıdır.

Bu zaman müvəqqəti məlumatlar təmizlənir, internet provayderi və qoşulmuş cihazlarla əlaqə yenilənir. Bəzi hallarda router daha az yüklənmiş Wi-Fi kanalına da keçə bilir.

Nəticədə internet bağlantısı daha stabil ola, şəbəkənin tez-tez kəsilməsi, videoların donması və sürətin dəyişməsi kimi problemlər azala bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu üsul internet sürətinin mütləq artacağı anlamına gəlmir.

Routeri yenidən işə salmağın lazım olduğunu göstərən əlamətlər arasında internet sürətinin səbəbsiz azalması, Wi-Fi bağlantısının qeyri-sabit olması, şəbəkənin tez-tez kəsilməsi və cihazların internetdən öz-özünə ayrılması da var.

Məsələnin təhlükəsizlik tərəfi də mövcuddur. ABŞ Federal Təhqiqat Bürosu və Milli Təhlükəsizlik Agentliyinin tövsiyələrinə görə, routerin mütəmadi yenidən işə salınması bəzi zərərli proqramların fəaliyyətini poza və kibercinayətkarların istifadə edə biləcəyi müvəqqəti bağlantıları aradan qaldıra bilər.

Mütəxəssislər routeri yenidən işə salmaqla zavod parametrlərinə qaytarmağın eyni şey olmadığını da vurğulayırlar. Adi yenidən başlatma zamanı Wi-Fi adı, şifrə və digər parametrlər silinmir. Zavod parametrlərinə sıfırlama zamanı isə bütün şəxsi sazlamalar ləğv olunur.

Routeri düzgün yenidən işə salmaq üçün onu elektrik şəbəkəsindən ayırmaq, 30 saniyədən bir dəqiqəyədək gözləmək və daha sonra yenidən qoşmaq tövsiyə edilir.

Müasir routerlərin bir hissəsində avtomatik yenidən başlatma funksiyası da mövcuddur. Bu funksiyanı cihazın idarəetmə paneli və ya mobil tətbiqi vasitəsilə aktivləşdirmək mümkündür. Həmçinin router dəstəkləyirsə, təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün proqram təminatının avtomatik yenilənməsi funksiyasını aktiv saxlamaq məsləhətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar