Məşhur əməliyyat sisteminin YARADICISI
21 aprel 2021 08:18 (UTC +04:00)

Məşhur əməliyyat sisteminin YARADICISI

XX əsrin 70-ci illərində geniş istifadə olunan CP/M mikrokompüterlər üçün proqram kontrollerini təşkil edirdi və diskdaxilediciləri olan kompüterlərdə iş üçün nəzərdə tutulmuş ilk əməliyyat sistemi idi.

Lent.az xəbər verir ki, sistem müxtəlif firmaların kompüterlərinə rahat uyğunlaşırdı.

CP/M bütün kompüter sənayesinin standartlaşdırılması prosesinin başlanğıcı oldu. Qısa vaxt ərzində təxminən 2000 kompüter firması bu sistemdən istifadə etməyə başladı. 1979-cu ildə o, faktiki olaraq 8 dərəcəli mikroprosessor kompüterləri üçün sənaye standartı oldu. Bu məşhur əməliyyat sisteminin yaradıcısı Hari Kildall 1942-ci il, 19 may tarixində Vaşinqton ştatının Sietl şəhərində dünyaya gəlib.

Hələ kiçik yaşlarından elektronika sahəsi ilə yaxından maraqlanıb. 60-cı illərdən başlayaraq H.Kildall atasının Sietl şəhərində yerləşən naviqasiya məktəbində təhsil alır. Naviqasiya elmi köhnə texnologiyaya söykənirdi, buna görə də o, yeniliklər vəd edən kolleci üstün tutur. Sonradan Hari riyaziyyatçı olmaq həvəsilə Vaşinqton Universitetinə daxil olur. Lakin nəticədə riyaziyyata olan maraq onun kompüter elmlərini dərindən mənimsəməsinə yardım edir. Belə ki, təhsilin ilk ilində Kildall, iki semestr ərzində proqramlaşdırmanı öyrənir, bu da onun sonrakı karyera yolunu müəyyənləşdirir.

Artıq təhsilin son ilində Hari "FORTRAN"-da proqramları sərbəst şəkildə yaza bilirdi. 1967-ci ildə o, kompüter texnologiyaları üzrə bakalavr dərəcəsinə yiyələnir və Vaşinqton Universitetinin kompüter mərkəzində aspirant olur. 1969-cu ildə magistr dərəcəsini alan Hari Kildall Kaliforniya ştatının Monterey şəhərinin hərbi dəniz məktəbində kompüter texnologiyalarının tədrisi ilə məşğul olmağa başlayır.

O, burada dənizçi zabitlərə kompüter kurslarını tədris etməklə yanaşı, doktorluq dissertasiyasını yazmağa davam edir və 1972-ci ilin mayında doktorluq işini bitirir. Kod kompilyasiyasının optimallaşdırması onun tədqiqatlarının mövzusu idi, dissertasiya "Qlobal və cari analiz" adlanırdı.

Hari Kildall doktor elmi dərəcəsinə layiq görüldükdən sonra təsadüfən Vaşinqton Universitetinin "elan tablosu"nda bir elan oxuyur. Elanda 25 dollara satılan kompüter reklam olunurdu. O, kompüteri alır. Bu, "Intel 4004" kimi tanınan 4 dərəcəli mikroprosessor - Ted Hoffun ilk mikroprosessoru idi. Kildall naviqasiya kalkulyatorunun hazırlanması üçün çip texnologiyanı istifadə etməyi planlaşdırırdı. O, "Intel 4004"-də hesablamalar üçün bir neçə proqram yazmağa çalışır, lakin tezliklə anlayır ki, onun imkanları məhduddur. O, "Intel" korporasiyasına müraciət edir, şirkətin rəhbərliyində "Intel 4004" üçün yazdığı proqramlara maraq oyatmağa çalışır.

Kildall Hərbi dəniz məktəbində tədrisi davam etdirməklə paralel olaraq növbəti bir neçə il ərzində "Intel"də konsultant vəzifəsində işləyir. O, 1973-cü ilin sonunda "Intel 8008"-in yeni 8 dərəcəli mikroprosessoru üçün modelləşdirmə qurğusunu hazırlayır və firmanı inandırır ki, bu mikroprosessor üçün xüsusi olaraq hazırlanmış proqramlaşdırma dilini əldə etsin. Bu dil, "PL/M" (Programming Language for Microcomputers) mikrokompüter üçün proqramlaşdırma dili adlandırıldı.

O, prosessorların, redaktorların assamblerlərin proqram təminatı sistemlərinin yaradılması üçün tətbiq edilirdi. Hari Kildall və "CP/M" əməliyyat sistemi Daha sonra Kildall mikroprosessor 8080 üçün "PL/M" versiyasını hazırlamağa başlayır. Bunun üçün firma klaviatura, monitorla və perfolentli hesablayıcı ilə 8080 prosessorlu "Intellec-8" mikrokompüteri verir. Kildall konfiqurasiyanın çatışmazlıqlarını tez dərk edir və bu nəticəyə gəlir ki, ona elastik maqnit disklərə uyğun diskdaxiledicini daxil etmək lazımdır.

Həmin zaman üçün bu, inqilabi ideya idi. Elastik diskin ixtiraçısı, "Shugart" şirkətinin banisi Od Şuqart Hari Kildallın ideyasını dəstəkləyir və ona şirkətlə əməkdaşlıq etməyi təklif edir. Elastik disklərə uyğun diskdaxiledicinin qoşulması üçün qurğunun yeni tipini (hal-hazırda disklərin kontrolleri kimi tanınan) yaratmaq lazım idi. Bu işdə ona kurs yoldaşı Con Torod (sonradan Digital Micro Systems şirkətinin prezidenti olub) kömək edirdi.

Sonda onlar fərdi kompüterə oxşar maşın hazırladılar. Bundan sonra maqnit disklərində yaddaşı idarəetmə üçün tələb olunan əməliyyat sisteminin yaradılması haqqında məsələ meydana gəldi. Kildall "PL/M" dilindən istifadə edərək sistem proqramlarını yazmağa başladı. Belə proqram vasitələri daha yüksək səviyyədə yaddaşa girişi təmin edirdi və yığcam əməliyyat sistemi idi.

Aparat interfeysi hazırlandıqdan və sistemin ümumi tərtibatı tamamlandıqdan sonra bu, "CP/M" (Control Programs for Microcomputers) əməliyyat sistemi adlanmağa başladı. Kildall bu əməliyyat sisteminin hazırlanmasına təxminən iki ay sərf etdi. Kildall əməliyyat sisteminə mətn redaktoru və sadə assembler kimi əlavə vasitələri artırdı. Yalnız 1975-ci ildən "CP/M" üçün vasitələrin bütöv dəstinə malik idi. Sözügedən əməliyyat sistemi ilə məlumatı diskdən mikrokompüterə ötürmək, çap informasiyasını printerə göndərmək və digər əməliyyatlar mümkün oldu.

1976-cı ildə "Dr. Dobb's" kompüter jurnalının redaktoru Cim Uorren Kildalla jurnalında "CP/M"-ı reklam etməyi təklif edir. Reklam işləri aparıldıqdan sonra sistem 75 dollar dəyərinə malik olur. Həmin il Kildall hərbi dəniz məktəbindəki işindən ayrılır və həyat yoldaşı ilə birlikdə "Digital Research" firmasının əsasını qoyur. Onlar əməliyyat sisteminin satışını həyata keçirməyə başlayırlar. Artıq 70-ci illərin sonunda 900-dən çox firma "CP/M"-in müştərisi idi. 1980-ci ilə qədər əməliyyat sisteminin 250 mindən çox surəti satılmışdı. Bu uğurlar 80-ci illərin əvvəlinə - "MS-DOS" meydana çıxana qədər davam etdi. "CP/M" sayəsində, "Digital Research" uzun müddət proqram təminatı bazarında inhisarçı olaraq qalırdı. "Digital" 1983-cü ilin başlanğıcında "CP/M"-ın yeni təkmilləşdirilmiş versiyalarını təqdim etdi.

Bu versiyalar istifadəçiyə eyni zamanda bir neçə əməliyyatı həyata keçirməyə imkan verirdi. Bu model çox yaxşı satılırdı, çünki "IBM" o zaman çoxməsələli ƏS-ə malik deyildi. Lakin "PC DOS"-la uyğunsuzluğuna görə onun satışları yalnız müəyyən mərhələyə qədər artırdı. Beləliklə, "CP/M" əməliyyat sisteminin yeni versiyası hazırlandı. Sistem 1984-cü ildə təqdim olunduqdan sonra uğur qazandı. 1987-ci ildən sistem "DR DOS" adlanmağa başladı. Bir neçə il "MS DOS" və "DR DOS" paralel inkişaf edirdi, "IBM" yalnız birincini dəstəkləyirdi, ikinci azad satılırdı. İstifadəçi nöqteyi-nəzərindən onlar uyğun idilər, həm də bir sıra xüsusiyyətlərinə görə çoxları "DR DOS"-a üstünlük verirdilər, məsələn, o, daha rahat interfeysə malik idi, bu sistemdə disklərlə iş və parol üzrə ən yaxşı müdafiə vasitələri daha çox inkişaf etdirilmişdi.

1991-ci ildə "Microsoft Windows 3.1" sisteminin meydana çıxması ilə "DR DOS 6.0" praktik olaraq səhnədən getdi. Ömrünün son illərində Hari Kildall Kaliforniyada Rəqəmli Tədqiqat Mərkəzində çalışıb. Hari Kildall 1994-cü il, 11 iyul tarixində Kaliforniyada vəfat edib./"ictnews"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2775
avatar

Oxşar yazılar