Cef Bezosun “Blue Origin” kosmik şirkəti kosmik logistikanın və çatdırmanın təmin edilməsinə istiqamətlənən “Blue Ring” çoxfunksional platformanı təqdim edib.
Lent.az “Blue Origin” şirkətinə istinadla xəbər verir ki, beşillik istismar müddəti üçün nəzərdə tutulan platforma orbitdə yanacaqla doldurula və digər kosmik aparatları yanacaqla doldura bilər. “Blue Origin” işlənmə ilə bağlı bütün xərcləri üzərinə götürür və platformanı tam hazır xidmət kimi təklif edir.
Belə iddialı məqsədə nail olmaq üçün “Blue Origin” milyonlarla insanın kosmosda yaşayacağı və işləyəcəyi gələcəyi qurmağa çalışaraq, dəfələrlə istifadə edilə bilən raketlərin, orbit stansiyalarının və Ay eniş aparatlarının yaradılması üzərində işləyir.
Bundan əlavə, şirkət nəqliyyat, hostinq, yanacaq doldurma, məlumatların retranslyasiyası, bulud hesablamaları və digər xidmətlər sahəsində xidmətlərin geniş təşviqi üçün yeni “in-Space Systems” biznes bölməsini təqdim edib. “Blue Origin”in kosmikdaxili sistemlər üzrə baş vitse-prezidenti Pol Eberts (Paul Ebertz) “In-Space Systems”ə rəhbərlik edəcək.
Məlumat verilir ki, layihə orbit vasitələr, yedəklər və ESPA hərəkətverici qurğuların bütün mövcud olan konsepsiyalarını üstələyəcək. Qeostasionar da daxil olmaqla, kosmik aparatının Yerə yaxın bir və ya bir neçə orbitə və/və ya Laqranj nöqtələrinə, Aya yaxın məkana, Ay orbitlərinə və ya hətta ulduzlararası məkana çıxarılıb-çıxarılmayacağından asılı olaraq, “Blue Ring” 3 tondan çox faydalı yük daşıya biləcək.
“Blue Origin”də işlənib hazırlanan hibrid kimyəvi və günəş-elektrik hərəkət sistemi platformanın xüsusiyyətidir. Enerji təchizatı üçün “Blue Ring” platforması təxminən 43 metr məsafədə açılan günəş panelləri ilə təchiz olunacaq.
“Blue Ring” ilk dəfə 2025-ci ildə işə salınacaq.