"Google" öz axtarış sistemində zərərli proqram təminatlarına sahib saxta saytları reklam edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət öz axtarış sistemində nələrin reklam edilməsi məsələsinə o qədər də diqqət ayırmır.
Məlum olub ki, hakerlər şirkətin axtarış sisteminin təqdim etdiyi imkanlardan faydalanaraq zərərli proqram təminatlarına sahib saxta saytları reklam etməyə başlayıblar. Hakerlər "Google Ads" platforması üzərindən əsasən məşhur tətbiqlərin saxta saytlarını reklam edirlər.
Bu cür tətbiqlər arasında 7-Zip, Blender 3D, Capcut, CCleaner, Notepad++, OBS, Rufus, VirtualBox, VLC Media Player, WinRAR, Putty və s. var.
Əslində isə reklam edilən resurslar zərərli proqram təminatının istifadəçilər arasında yayılması üçün nəzərdə tutulub. Maraqlısı ondadır ki, "Google" axtarış sistemindəki reklam bloklarında bu cür resurslar tətbiqlərin rəsmi saytlarından daha yuxarı hissələrdə yerləşirlər. Bu səbəbdən də əgər istifadəçi saytın ünvanına nəzər yetirməsə, o, rahatlıqla hakerlərin qurmuş olduqları tələyə düşə bilər. Hakerlərin bu cür üsulundan artıq zərər çəkmiş bir nəfər şəxs barəsində məlumat var.
Belə ki, NFT God ləqəbli istifadəçi "Google" axtarış sistemindəki reklam vasitəsilə məşhur OBS tətbiqinin saxta saytından zərərli proqram təminatını yükləyib.
Bir neçə saatdan sonra isə onun dostları ona "Twitter" hesabının hack edildiyi barəsində məlumat veriblər. Daha sonra isə məlum olub ki, hakerlər həmçinin istifadəçinin "OpenSea NFT" platformasındakı hesabını, bir neçə kriptovalyuta portmanatını, Gmail və Discord servislərindəki hesablarını hack ediblər.
Məsələ ilə bağlı şirkətə məlumat verilib. "Google" isə öz növbəsində qeyd edib ki, bu məsələ ilə bağlı bütün vacib tədbirləri artıq görüb.