Əksər istifadəçilər gələcəyin smartfonlarında böyük həcmdə yaddaş, geniş ekranlar və güclü prosessorlar görmək istəyirlər.
Lent.az xəbər verir ki, bu barədə “AnTuTu” portalının analitikləri məlumat verib.
Məlumata görə, istifadəçilər telefonlarda əsasən bu xüsusiyyətləri istəyirlər.
Yaddaş
Analitiklər deyirlər ki, 6, 8 və hətta 12 GB operativ yaddaşa malik telefonlar aktuallığını itirir. 16 GB operativ yaddaşa malik cihazlar isə getdikcə populyarlığını artırır. Belə cihazlar artıq bazarın təxminən 10 faizini tutub.
Fləş yaddaşa gəldikdə isə 512 GB-a malik qurğular yüksək artım templəri göstərir.
Ekranlar
Smartfon sahələrində ən populyar ekran ölçüsü hələ də 6,7 düymdür. Bazardakı telefonların təxminən 30,6 faizi bu diaqonala malikdir. Ancaq buna baxmayaraq onlara qarşı tələbat bir xeyli azalıb. Çünki uzun müddətdən sonra ilk dəfə 6,8 düymlük ekranlara tələbat 2022-ci ildə 13,7 faizdən bu ilin birinci rübündə 15,9 faizə qədər yüksəlib. Bu da smartfon sahəsində tendensiyaların dəyişdiyini və gələcəkdə bazarda daha böyük cihazların görünəcəyinə işarədir.
Prosessorlar
Bu gün bazarda olan prosessorlar arasında “Qualcomm” 63,5 faiz payla üstünlük təşkil edir. “MediaTek”in payı 21,8 faizdir. Bu il həmçinin “Qualcomm” şirkəti səhmlərini 3,5 faiz artırıb, “MediaTek” isə eyni qədər vəsait itirib.
Əməliyyat sistemləri
Android 13 hazırda ən populyar ƏS versiyasıdır. Bazarda payı 42,6 faiz təşkil edir. İkinci yerdə isə 33,3 faiz ilə Android 12 qərarlaşıb. Üçüncü yerdə 11,4 faizlə Android 10, dördüncü yerdə 8 faizlə Android 11-dir.