Avropa Birliyinin qanunvericiləri daxili yanma mühərrikli yeni avtomobillərin 2035-ci ildən başlayaraq Avropa regionunda satılmalarını faktiki olaraq qadağan edən yeni qanunu qəbul ediblər.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, beləliklə 2035-ci ildən başlayaraqAvropa regionunda yalnız zərərli tullantılara səbəb olmayan nəqliyyat vasitələrindən istifadəyə icazə veriləcək. Avropa Birliyinə daxil olan ölkələr bu məsələ ilə bağlı razılığa hələ keçən ilin oktyabr ayında gəlmişdilər. İndi isə Avropa Parlamenti bu qanunun qəbul edilməsinə razılıq verib. Bu yeni qanunun tələbinə əsasən Avropa Birliyi regionunda satılan avtomobillər və furqonlar 2030-cu ilə kimi daha az karbon tullantılarına sahib olmalıdırlar. 2035-ci ildən başlayaraq isə onların karbon tullantıları sıfıra endirilməlidir. Mütəxəssislərin fikirlərinə əsasən bu, benzin və dizel vasitəsilə çalışan daxili yanma mühərrikli yeni avtomobillərin satışlarının dayandırılmasına gətirib çıxaracaq və insanların elektromobillərə keçidlərini sürətləndirəcək.
Hələ keçən il əldə edilmiş və bu günlərdə təsdiqlənmiş razılığa əsasən 2030-cu ilə kimi avtomobillər 2021-ci ildəki göstəricilərdən 55% daha az karbon tullantısı ifraz etməlidirlər. Furqonlar üçün bu göstərici 50% təşkil edir. 2035-ci ildən sonra isə Avropa regionunda yalnız karbon neytrallığına sahib yanacaq vasitəsilə çalışan avtomobillərə və elektromobillərə icazə veriləcək. Yəni nəzəri cəhətdən daxili yanma mühərrikli avtomobillərin satışlarını reallaşdırmaq mümkün olacaq. Lakin həmin avtomobillər zərərli tullantılara səbəb olan yanacaq vasitəsilə çalışmamalıdırlar. Mütəxəssislər düşünürlər ki, bu yeni qanun daxili yanma mühərrikli avtomobillərin satışlarının tədricən aşağı düşməsinə səbəb olacaq və elektromobillərə keçid sürətini yüksəldəcək.
Artıq bəzi ölkələr buna bənzər qanunları qəbul ediblər. Buna misal olaraq Kanada, Böyük Britaniya və Norveçi gətirmək olar. Məsələn Norveçdə buna bənzər qadağa artq 2025-ci ildən qüvvəyə minəcək. Avtomobil sahəsinin təmsilçiləri düşünürlər ki, benzin və dizel avtomobillərin satışlarının qadağan edilməsinə istiqamətlənmiş qlobal təkan 2030-cu ilə kimi sürətlənəcək. ABŞ ənənəvi yanacaq növü vasitəsilə çalışan daxili yanma mühərrikli avtomobillərin satışlarını qadağan edəcək hər hansısa qanunu hələ qəbul etməyib. Lakin buna baxmayaraq Kaliforniya ştatı bu cür qanunu təsdiqləyib. Belə ki, 2035-ci ildən sonra Kaliforniyada yeni benzin və dizel avtomobillərinin satışları qadağan ediləcək.