Xocalı soyqırımından 30 il ötür
26 fevral 2022 00:10 (UTC +04:00)

Xocalı soyqırımından 30 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 30 il ötür.

Lent.az-ın xəbərinə görə, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Leyla Əliyeva İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru olarkən “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs əsasında 2008-ci ilin fevralından “Xocalıya ədalət!” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6540
avatar

Oxşar yazılar