583 qurban, külə dönən nəhənglər, “qara qutu”dakı son bağırtı... – Tarixin sandığından
27 mart 2020 20:15 (UTC +04:00)

583 qurban, külə dönən nəhənglər, “qara qutu”dakı son bağırtı... – Tarixin sandığından

Hər şey Kanar adalarının İspaniyadan ayrılaraq müstəqil olması üçün mübarizə aparan təşkilatın (MPAIAC) törətdiyi xırda terror aktı ilə başladı və böyük faciə ilə bitdi...

İspaniyanın Afrika sahillərindəki ərazisi olan, yeddi adadan ibarət Kanar adalarında ən böyük hava limanı Qran-Kanariya adasında, Las-Palmas şəhərindən 20 kilometr cənubda yerləşirdi. 1977-ci il martın 27-də MPAIAC burada terror aktı törətdi. Yerli vaxtla saat 13.15-də sərnişin terminalındakı çiçək mağazasında bomba partladı. Amma partlayıcı elə də güclü deyildi, üstəlik, təşkilat öncədən zəng edərək xəbərdarlıq etmişdi. Görülən tədbirlər nəticəsində ciddi xəsarət alan olmadı. Yalnız 8 nəfər əsasən şüşə qırıntılarından kəsilmiş yaralar aldılar.

Amma daha bir anonim telefon zəngi ikinci bombanın olduğunu xəbər verdiyindən aeroport qapadılır. Gələn təyyarələr Tenerife adasındakı daha kiçik və bircə ədəd uçuş-eniş zolağı olan Los-Rodeos hava limanına göndərildilər. Onlar burada enərək, Qran-Kanariya aeroportunun yenidən açılmasını gözləməli idilər.

Los-Rodeos aeroportunda əsasən ölkədaxili reyslər həyata keçirildiyindən bu qədər təyyarənin və sərnişinlərin qəbulu üçün nəzərdə tutulmayıb. Sərnişin terminalında sıxlıq olduğundan insanların bir hissəsi binanın önündə toplaşırlar. Gələn təyyarələr içərisində iki ədəd Boinq-747 təyyarəsi də vardı. Onlardan birincisi - Niderlandın KLM (Koninklijke Luchtvaart Maatschappij - Kral Aviasiya Şirkəti) şirkətinə məxsus təyyarə Amsterdamdan havaya qalxmışdı. Onun göyərtəsində 248 nəfər (234 sərnişin və 14 heyət üzvü) vardı. "Reyn" adı verilən təyyarə 13.38-də Los-Rodeosa endi.

İkinci Boinq isə ABŞ-ın Pan American şirkətinin idi və Los-Ancelesdən uçurdu. PanAm şirkətindəki ənənəyə görə, bütün təyyarələr tərkibində "Clipper" sözü olan özəl ada malik idilər. Haqqında danışdığımız təyyarənin adı "Clipper Victor" idi və göyərtəsində 396 nəfər (380 sərnişin, 16 heyət üzvü) vardı. Maraqlıdır ki, onun kapitanı kifayət qədər yanacaq ehtiyatının olmasını (təyyarə Nyu-Yorkda eniş edib, yanacaq da doldurmuşdu) söyləyərək Qran-Kanariya aeroportunun açılmasını havada gözləmək istəmişdi. Amma dispetçerlər ona Los-Rodeosda enməyi əmr etdilər. "Clipper Victor" saat 14.15-də əmri yerinə yetirdi.

Ümumilikdə 11 təyyarə Los-Rodeosa enərək Qran-Kanariyadan xəbər gözləyirlər. Onlar yerüstü hərəkət üçün nəzərdə tutulan yolda, uçuş zolağından həmin yola gedən döngələrdə durub dayanmışdılar.

KLM təyyarəsinin kapitanı Ceykob van Zanten xeyli tələsir. Onun şirkətində uçuş vaxtı ilə bağlı ciddi məhdudiyyətlər mövcuddur. Buna görə də bacardıqca tezliklə Qran-Kanariyaya uçaraq sərnişinləri endirmək, yenilərini mindirərək, Amsterdama qayıtmaq istəyir. Şirkətin mərkəzi ofisindən isə ona məlumat verirlər ki, Qran-Kanariyadan ən geci 19.00-da qalxa bilər. Los-Rodeosda keçirdiyi vaxtı boşuna itirmək istəməyən van Zanten Qran-Kanariyada deyil, burada yanacaq doldurmaq qərarına gəlir və bu da fəlakətə aparan zəncirin ilk halqası olur.

KLM yanacaq doldurarkən Qran-Kanariya aeroportunun açıldığı xəbəri gəlir. PanAm təyyarəsi sərnişinləri endirmədiyindən uçuşa hazır idi. Amma Niderland təyyarəsi uçuş zolağının sonunda (və ya eniş zolağının əvvəlində) dayandığından bütün təyyarələrin önünü kəsmişdi. PanAm-ın kapitanı Viktor Qrabbs aşağı düşərək təyyarələr arasındakı məsafəni ölçür və risk etməmək qərarına gəlir.

Yanacaqdoldurma bitəndən sonra KLM-in sərnişinləri mindirilir, bu zaman dörd nəfərlik bir ailəni xeyli gözləmək lazım gəlir. Həmin vaxtda isə Los-Rodeos aeroportu üçün adi olan hal baş verir. Aydın hava qatı dumanla əvəz olunur. Bu, fəlakət zəncirinin ikinci halqası idi.

Nəhayət, KLM uçuş zolağının başlanğıcına doğru hərəkət edir. Onun ardınca PanAm təyyarəsi gedir. Van Zanten zolağın başlanğıcında təyyarəni 180 dərəcə döndərməli və dispetçerin uçuşa icazə verməsini gözləməlidir. Qrabbs isə öz maşınını uçuş zolağından yerüstü hərəkət yoluna aparan üçüncü döngəyə döndərməli, oradan hərəkət edərək uçuş zolağının əvvəlinə çatmalı və Niderland təyyarəsinin ardınca havaya qalxmalıdır.

Nəhəng Boinq-747-ni yerində 180 dərəcə döndərmək asan deyil, amma təcrübəli van Zanten bu işin öhdəsindən məharətlə gəlir. Amma bu, onun sonuncu uğurlu manevri idi. Qrabbs isə qatı duman şəraitində üçüncü döngəni tapmağa çalışır. Vəziyyəti ağırlaşdıran cəhətlərdən biri də odur ki, aeroport yerüstü radarla təmin olunmayıb, dispetçerlər duman səbəbindən təyyarələri görmürlər və yalnız pilotlarla radioəlaqə vasitəsilə onların harada olduğunu müəyyən edirlər.

Çətinliklə üçüncü döngəni tapan Qrabbs görür ki, buraya dönmək üçün 135 dərəcə sola dönüş etmək, daha sonra isə hərəkət yoluna çıxmaq üçün daha yenə 135 dərəcə sağa dönmək lazımdır. Nəhəng Boinq-747 ilə bunu etmək isə asan deyildi. Qrabbs təyyarənin təkərlərinin asfalt örtükdən kənara çıxıb torpağa batacağından qorxur. O, daha münasib dönüş bucağı olan dördüncü döngədən istifadə etmək qərarına gəlir. Onu da demək lazımdır ki, Boinq-747 təyyarəsinin üçüncü döngəyə göndərilməsi dispetçerlərin belə nəhəng təyyarələrlə iş təcrübəsinin olmamasının nəticəsi idi.

Bu zaman KLM-in ikinci pilotu uçuş hərəkətinə başlamaq üçün icazə istəyir. Cavab olaraq dispetçer havaya qalxdıqdan sonra 090 eşalonunu tutmağı və 040 istiqamətində sağa dönməyi tapşırır. Bu, uçuş haqqında təlimatdır, amma hələ icazə deyil. İkinci pilot qaydalara uyğun olaraq təlimatı təkrarlayır və ardınca qeyri-müəyyən "biz indi uçuşdayıq" ifadəsini işlədir.

Aviasiyada qəbul olunmuş konkret terminlər mövcuddur və qeyri-müəyyən ifadələrin işlədilməsinə yol verilmir. İkinci pilotun "biz indi uçuşdayıq" ifadəsi belə yolverilməz ifadələrdəndir. Bu, həm dispetçeri, həm də Qrabbsı narahat edir. Onlar təyyarənin icazəsiz uçuşa başlayacağına inanmasalar da hər ehtimala qarşı xəbərdarlıq etmək istəyirlər. Dispetçer KLM-i çağıraraq "O.K. uçuşa hazır olun, mən sizə xəbər verərəm" deyir. Qrabbs isə hələ uçuş zolağını tərk etmədiklərini xəbər verir. Amma sonradan KLM-in "qara qutusu"na qulaq asarkən aydın olur ki, dispetçer və Qrabbs eyni vaxtda danışdıqlarından hollandlar xəbərdarlıq əvəzinə möhkəm ciyilti eşidirlər.

Saat 17.06-da KLM havaya qalxmaq üçün sürət yığmağa başlayır. Bu zaman dispetçer PanAm ilə əlaqə saxlayaraq, zolağı boşaltdıqdan xəbər verməsini istəyir. Qrabbs xəbər verəcəyini vəd edir. Amma PanAm təyyarəsinin hələ də uçuş zolağında olduğunu aşkar sübut edən bu dialoq nə van Zanteni, nə də ikinci pilotu narahat edir. Yalnız bort mühəndisi ürkək şəkildə "O Pan American zolağı tərk edib?" soruşur və van Zanten qətiyyətlə "hə" deyir.

27 illik uçuş təcrübəsi olan kapitan Ceykob van Zanten KLM aviaşirkətinin ən bacarıqlı pilotlarından sayılırdı. O, həm də şirkətin baş pilot-instruktoru idi və gənc pilotları imtahan edirdi. Təsadüfi deyil ki, KLM-in 1977-ci ildə buraxdığı reklam plakatına məhz onun şəkli vurulmuşdu. Buna görə də gənc bort mühəndisi onunla mübahisəyə girmədi və öz qulaqlarındansa kapitana etibar etdi. Nəticədə KLM sürətini artıra-artıra qatı duman içərisində PanAm təyyarəsinin üzərinə getməkdə davam etdi.

Amerika təyyarəsinin "qara qutusu" kapitan Qrabbsın saat 17.06.40-da üzərinə gələn təyyarənin işıqlarını görərək "ona bax, lənət şeytana, it oğlu bizim üstümüzə gəlir" dediyini qeydə alır. Kapitan sürəti artıraraq təyyarəsini sola çəkməyə, toqquşmadan yayınmağa çalışır. Amma nəhəng maşın belə çevik manevrlər üçün nəzərdə tutulmayıb.

Niderland təyyarəsinin qara qutusu isə kapitan van Zantenin qarşıdakı təyyarəni 17.06.47-də görərək "Ah, zibil" dediyini qeydə alır. Kapitan sükanı var gücü ilə özünə tərəf çəkərək təyyarəsini qaldırmağa və PanAm-ın üstündən uçmağa cəhd edir. O, buna az qala nail olur. Təyyarənin burnu və ön şassisi maneəni adlayırlar, amma arxa şassilər və mühərriklər PanAm-ın göyərtəsinin yuxarı hissəsi ilə toqquşur. Sonradan mütəxəssislər ehtimal edəcəklər ki, bəlkə də van Zanten 55 ton yanacaq doldurmasaydı, daha yüngül təyyarə ilə qəzadan qaçmaq olardı.

Toqquşmadan sonra yerə çırpılan KLM uçuş zolağı ilə 300 metrə qədər süründü və ağzınacan dolu olan yanacaq çənləri partlayaraq yanmağa başladı. Təyyarədəkilərdən kimsənin xilas olmaq şansı yox idi. 248 nəfərin hamısı həlak oldu. PanAm şirkətinə məxsus təyyarə də yandı və burada 396 nəfərdən 335 nəfər həlak oldu, yalnız 61 nəfər xilas ola bildi. Beləliklə, Los-Rodeosda 583 nəfər həlak oldu ki, bu da həmin hadisəni aviasiya tarixinin ən dəhşətli qəzası edir.

Niderland tərəfi uzun müddət van Zanten və komandasının məsuliyyətini inkar etsə də, sonda faktlarla barışmalı oldu. KLM qurbanların ailəsinə kompensasiya ödəməyə razı oldu. 161 ailəyə minimum məbləğ olaraq 58 min (indiki kursla 245 min) dollar ödəndi. Xüsusatlardan asılı olaraq, digər qurbanların ailələrinə daha çox ödənildi. Ən çox kompensasiyanı isə hər iki valideynini itirən iki uşaq aldı: 600 min (indiki kursla 2,5 milyon) dollar.

MPAIAC-ın terror metodları Kanar sakinləri arasında rəğbət oyatmadı və təşkilat marginal olaraq qaldı. 1982-ci ildə arxipelaqa geniş muxtariyyət verilməsindən sonra təşkilat separatizmdən imtina etdi. Onun lideri Antonio Kubilyo isə Los-Rodeos qəzasında MPAIAC-ın məsuliyyət daşımasını rədd etdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4530
avatar

Camal Əlisoy

Oxşar yazılar