Leysan yağışlar səbəbindən Zaqatalanın kəndlərində evləri su basıb.
Lent.az-ın xəbərinə görə, bir neçə gündür Zaqatalaya yağan leysan yağışlar nəticəsində çaylara sel gəlib.
Rayonun iyirmi min əhalisi olan Aşağı və Yuxarı Tala kəndlərini içməli su ilə təmin edən su xəttini sel aparıb. Yolayrıc və bir sıra kəndlərdə həyətlərə və evlərə su dolub.
Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladov Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sel gələn bütün çaylar, o cümlədən Tala çaya texnika cəlb olunub:
"Çayın məcrasını tənzimləmək, sel sularını təhlükəsiz axıtmaq üçün bütün mümkün tədbirlər tərəfimizdən təmin olunur".
Zaqatala Yuxarı Tala bələdiyyəsinin sədri Eldar Qanzayev Lent.az-a açıqlamasında bildirdi ki, hal-hazırda su xəttinin bərpası üçün tədbir görmək mümkün deyil:
"Su xətti iki kəndi əhatə edir. 500 mm-lik dərin boruları 200 metrlik məsafədə sel suları aparıb. Hal-hazırda çayda suyun səviyyəsi yüksək olduğundan bu gün xəttin bərpası ilə bağlı iş görmək mümkün deyil".
Zaqatala Aşağı Tala bələdiyyəsinin sədri Vüqar Əbdürəhmanov da Lent.az-a açıqlamasında bildirdi ki, hazırda heç bir tədbir görmək mümkün deyil:
"Çayda su çəkildikən sonra dəymiş ziyan və işin nə qədər çəkəcəyi bilinəcək. Çayın suyu nisbətən azalmalıdır ki, oraya texnika cəlb edə bilək. Həmçinin aşağı kəndlərdə subasma plduğu üçün iri texnikalar həmin ərazilərə göndərilib. Buna görə də iki-üç gün su xəttinin bərpası ilə bağlı iş görmək mümkün görünmür. Digər kəndlərdəki vəziyyət stabilləşdikdən sonra tez zamanda su xətti də bərpa olunacaq".