Xəbər verdiyimiz kimi, avqustun 31-də paytaxtın 20 yanvar dairəsində içərisi neftlə dolu yük avtomobilinin aşması nəticəsində hərəkət iflic olub.
Buna səbəb qəza nəticəsində yola dağılan sürüşkən neft məhlulunun təhlükəli olması idi. Bundan əlavə, yollarda gedən təmir işlərinə görə də tez-tez küçələrdə hərəkət məhdudlaşdılır. Həmin qadağalar isə yol-nəqliyyat hadisələrinin baş verməməsi və hərəkət təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Görəsən, başqa hansı hallarda aidiyyatı qurumlar yollarda hərəkəti məhdudlaşdırıla bilər?
Avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərov Lent.az-a açıqlamasında əsas təhlükələrdən biri olan iri yük avtomobillərinin hələ də qadağan olunmuş saatlarda Bakı şəhərində hərəkət etdiyini deyib:
Ekspert Eldəniz Cəfərov
“Dövlət Yol Polisi yük maşınlarının, ağır tonnajlı avtomobillərin Bakı şəhərində günorta saatlarında hərəkətini qadağan edir. Ancaq buna baxmayaraq, bəzi sürücülər hansısa vəzifəli şəxslərin himayəsinə güvənərək bu qadağaları pozurlar. Səhər də, günorta da, axşama qədər həmin iri qabaritli avtomobilləri şəhər yollarında görürük. Bu avtomobilləri idarə edən sürücülər piyadaları visual olaraq da görməkdə çətinlik çəkirlər. Bundan əlavə, əyləc sistemi həmin avtomobilləri çətinliklə saxlayır.
Yanma təhlükəsi olan yüklə dolu avtomobilin şəhərə günorta saatlarında daxil olması, hərəkəti olduqca təhlükəlidir. Əslində DYP bununla bağlı açıqlama verməlidir ki, həmin avtomobilin qadağan olunmuş saatlarda şəhər yollarında nə işi var?”.
Ekspert yolların hansı hallarda hərkətə qapalı olması barədə isə bunları deyib:
“İntensiv hərəkət olan yollarda qəfil hadisə olarsa, həyati təhlükə ehtimalı düşünülərsə, dərhal həmin yolda hərəkət məhdudlaşdırılmalıdır. Aidiyyatı dövlət orqanı həmin ərazidə araşdırmaya başlamalı və dərhal yolu təmizləməlidir ki, hərəkət bərpa olunsun. Yola mismar, neft və digər təhlükəli maddələr düşərsə, hərəkət dayandırılmalıdır. Ümumiyyətlə, yolların qaranlıq olması, çala-çuxurlar, yol nişanlarının olmaması sürücülər üçün təhlükəlidir. O cümlədən, tunelə hansısa maneənin düşməsi, adi avtoqəza belə hərəkət üçün təhlükəlidir. Etiraf edək ki, nəinki Bakıda, həmçinin ölkə ərazisindəki əksər yollarda tikinti zamanı böyük nöqsanlara yol verilib. 2021-ci ildir, hələ də Bakıda yol nişanları çatışmazlığı var. Bütün bu problemlər də yol qəzalarına və ölümlərə səbəb olur”.