APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:
Əvvəli burada: Birinci yazı: Birinci yazı: Üzü Şuşaya - Zəfərin zirvəsinə doğru - FOTO - VİDEO
İkinci yazı: Vətən Müharibəsinin zirvəsi: Tarix şəhər, mədəniyyət şəhər - FOTO
Üçüncü yazı: Cənnətin qapısı, Üzeyir bəyin ev muzeyindən tapılan barelyef - FOTO
Dördüncü yazı: Qaçaq Nəbinin saxlandığı qazamat, Mir Mövsüm Nəvvabın məhv olmuş rəsmləri - ŞUŞADAN REPORTAJ
Şuşada üçüncü günümüzdür. Günortaya yaxın şəhərdəki işlərimizi yekunlaşdırıb Bakıya qayıdacağıq. Doğrusu, bir neçə gün də qalıb Şuşadakı bütün tarixi abidələri tapmaq, hansıların ermənilərin “mədəni soyqırımı”nın qurbanı olduğunu, hansıların “canını qurtardığını” görmək keçir könlümüzdən. Amma Şuşada o qədər abidə, o qədər tarixi yer var ki, hansı birinə yetişəsən? Buna vaxtmı çatar? Odur ki, əlimizdəki son saatları da qənaətlə xərcləmək üçün yubanmadan növbəti abidəni çəkməyə yollanırıq.
Qazançı kilsəsi
Müqəddəs Xilaskar Kafedralı və ya Qazançı Kilsəsi şəhərin mərkəzdə yerləşir və demək olar şəhərin hər yerindən görünür.
1868-1887-ci illərdə inşa edilən kilsənin rəsmi açılış mərasimi 1888-ci ildə olub və Azərbaycanda sovet hakimiyyəti qurulana qədər fəaliyyət göstərib. Sovet hakimiyyəti qurulandan sonra ibadət üçün bağlanan kafedral 1940-cı ildən etibarən anbar kimi istifadə edilib. Qarabağ Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra Qazançı kilsəsi vandallardan öz nəsibini alıb, işğalçılar kilsənin görünüşdə bir sıra dəyişikliklər aparıb. Bundan sonra ibadət evi Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasının mərkəzinə çevrilib.
Dörd absisdən ibarət kilsənin maksimal hündürlüyü 35 metr, uzunluğu 34,7 metr, eni 23 metr, qülləsinin hündürlüyü 17 metrdir. Kilsə üç girişdən - qərb, şimal və cənub qapılarından ibarətdir. Girişlərdə və pəncərələrdə müxtəlif ornament işləmələr var.
Kilsə və zəng qülləsinin hər ikisi əhəng daşından inşa edilib, zəng qülləsi üç mərtəbədən ibarətdir və iki zəngi var. Qüllənin ilk mərtəbəsində sur çalan mələk heykəlləri yer alır.
Vətən Müharibəsi zamanı zərər görən kilsədə hazırda təmir-bərpa işləri aparılır və kafedral XIX əsrdəki əski görkəminə qaytarılır.
İkimərtəbəli karvansara
Qazançı kilsəsindən sonra yenidən meydana – Yuxarı Gövhər Ağa məscidinin qarşısına qayıdırıq. Burada iki gündür dəfələrlə qabağından keçib getdiyimiz İkimərtəbəli karvansaranı çəkməliyik. Onun böyründə isə başqa bir abidə - Səfərov qardaşlarının karvansarası yerləşir.
Şuşada hazırda təmir-bərpa işləri aparılan abidələrdən biridir İkimərtəbəli karvansara, yaxud Hacı Səyyaf oğlu karvansarasıdır.
Bu abidə mehmanxana tipli və iki mərtəbəlidir. XIX əsrin ikinci yarısında Məşədi Hüseyn Mir Səyyaf oğlu Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra onu söküb yenisini inşa etdirib. Bu üzdən karvansara xalq arasında Hacı Səyyaf oğlu karvansarası kimi tanınıb.
İkimərtəbəli karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə şəhərdəki digər karvansaralardan seçilib. Sovet dövründə karvansara Şuşa bazarı kimi fəaliyyət göstərib, burada çörək sexi də olub. İşğaldan sonra ermənilər karvansaranı sökməyib, bazarı olduğu kimi saxlayıblar. Karvansaranın mərkəzindəki geniş holda daşdan piştaxtalar qalır. Tikilinin plastik pəncərələri, yenilənmiş dam örtüyü onu deməyə əsas verir ki, ermənilər bu tarixi abidəyə toxunmayıblar.
İkimərtəbəli karvansara ilə divar-divara yerləşən Səfərov qardaşlarının karvansarası isə...
Xarabalığa çevrilmiş karvansara
Görünüşü və böyüklüyü ilə İkimərətəbli karvansaradan heç də geri qalmayan Səfərov qardaşlarının karvansarasını ermənilər işğal zamanı daşına kimi dağıdıblar. Abidənin yerində ot-alaq boy verib, yalnız bir neçə hücrəsinin dağıntıları qalır. Lakin bu qalıqlar belə karvansaranın əzəmətindən az şey danışmır.
XIX əsrdə inşa edilən ölkə əhəmiyyətli bu memarlıq abidəsinin arxa tərəfi isə Xoca Mərcanlı məhəlləsidir.
***
Yuxarı Gövhər ağa məscidində günorta azanı verilir.
Şuşadan ayrılmaq vaxtı çatır. Bir azdan yola düşəcəyik. Fürsətdən istifadə edib əlimdəki son dəqiqələri də dəyərləndirməyə çalışıram və Şirin su hamamının qarşısındakı enişlə aşağı düşürəm. Deyirəm, bəlkə yenə qarşımıza hansısa abidə çıxar. Axı Şuşada çəkmədiyimiz hələ neçə abidə, ev muzeyi, məscid, hamam, bulaq qalıb: Yuzif Vəzir Çəmənzəminlinin, Süleyman Sani Axundovun, Əbdürrəhim bəy Haqverdiyevin, Firudin bəy Köçərlinin daha kimlərin-kimlərin evləri, Culfalar, Köçərli, Mərdinli məscidləri...
Bakıya qayıdandan sonra F.Köçərli ilə Ə.Haqverdiyevin evlərinin dağıdıldığını öyrənəcəm. Amma hələ ki, bundan xəbərsizəm və təbiri-caizsə, acgözlüklə həyətlərə, qapılara, bəziləri hündür ağacların içində itib-batmış evlərə baxıram.
Əksəriyyəti valehedici memarlıq nümunəsi olan evlər, mülklər, həyət-bacalar 29 il sahiblərinin qayıdışının intizarı ilə həqiqi mənada saralıb-solublar, nə qədər gücləri çatıbsa, əsirliyə, işğala, işgəncəyə tab gətiriblər. Gücləri çatmayanlarsa, dağılıb, xarabalığa çevrilib. Mənə elə gəlir, bu evlərin, aynabəndlərin, eyvanların, pəncərələrin, divarların, daşların dili olsa, danışar, deyərdi: bax, mən dözdüm, hörgüdən düşmədim, sizin gəlişinizi gözlədim... Salam mənim sahibim, ölməmişəm, sənin gəlişini gözləmişəm... Salam-salam, mən də sizin evin alaqapısıyam, düzdür, illər məni paslandırıb, ömrümü tamamlamaq üzrəyəm, hər dəfə açılıb-bağlananda bütün “sümüklərim” cırıldayır, amma yenə də görürsən, sənin qayıdışını gözləmişəm, hərçənd səni də mənim kimi ayrılıq üzüb əldən salıb... Ehey, mənəm e, sizin evin eyvanı, gözlərim yol çəkməkdən saraldı, nə şüşəm qalıb, nə şəbəkəm, nə pəncərələrim, çürümüş taxta parçasıyam artıq, nə yaxşı ölmədən gördüm sizi, qayıdışınızı... Bağışla məni, bəlkə daha tanımazsan, bəlkə də nə vaxtsa şəkil asmaq üçün vurduğun mıxdan tanıyarsan, mən sizin evin yan divarıyam, gücüm çatmadı, dünyada bir evə verilə biləcək hər işgəncəni gördüm, dağıldım, məhv oldum... Məni isə təmir etdilər, yaşadılar məndə, amma bir gün də sizi, əsl sahiblərimi unutmadım, hər gün bu günü gözlədim, sizi tanıyıb gülümsəyən pəncərələrim şahiddir...
Əminəm, əminəm ki, bu evlər, bu həyətlər, bu pəncərələr, bu eyvanlar, bu qapılar - illərdir, intizarla sahiblərini gözləyən bu tikililər dilləri olsaydı, eynən bu cür danışardı.
Bax belə, dramatik düşüncələrlə dağılmış evlərin, həyət-bacaların arası ilə bir qədər də gəzirəm, deyirəm, bəlkə Mədəniyyət Nazirliyinin lövhə yapışdırdığı abidələrdən heç olmasa biri çıxar qarşıma.
Daha irəli də getməkdən ehtiyat edirəm. Yəqin bu yerdə demək yerinə düşər ki, Şuşa hələ partlamamış mina və silah-sursatlardan tam təmizlənməyib. Hələ ki, üzərində xüsusi fərqləndirici nişan qeyd edilməyən evlərə keçmək təhlükəlidir. Mən də cəsarətimin çatdığı qədər dolaşıram yetim evlərin arası ilə düşmən işğalından azad edilmiş şəhərin azad küçələrində. Özü də təkcə öz ayaqlarımla da deyil, Natəvanın, Nəvvabın, Üzeyir bəyin, Ağaoğlunun, Haqverdiyevin, Çəmənzəminlinin, daha kimlərin, kimlərin ayaqları ilə gəzirəm azad Şuşanı. Onların gözləri ilə baxıram bu yaralı şəhərə.
Bir də yaralarının sağaldığı günlər gəlir gözümün qabağına: yeni, gülümsər, xoşbəxt günlərin Şuşası.
Yenidən Hacıbəyovları, Ağaoğluları, Haqverdiyevləri yetişdirəcək azad, məsud insanlarla qaynaşan Şuşanın işığı dolur qəlbimə.
O işıqla da Şuşadan ayrılırıq...
P.S. Diqqətli oxucu soruşa bilər ki, niyə 3 gün ərzində Vaqifin məqbərəsinə və Bülbülün ev muzeyinə baş çəkmədik? Məncə Şuşa azad olunandan sonra Vaqifin məqbərəsinin və Bülbülün ev muzeyinin son halını hər kəs görmüşdü. Hər iki abidənin bərpasına başlanıldığını bilirsiniz. Hazırda isə həmin abidələrdə aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir. O üzdən düşündük ki, Vaqifin məqbərəsi ilə Bülbülün ev muzeyinin çəkilişləri qalsın başqa vaxtı, sağlıq olsun, açılışdan sonraya...