Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, məzarlıqdakı qəbirlərin birinci Qarabağ müharibəsi dönəmində həmin kənddə ermənilər tərəfinfən girovluqda saxlanılan şəxslərə məxsus olduğu bildirilir. Məzarlıq Azərbaycan Respublikasi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib.
Dövlət Komissiyasının İşçi qrupunun üzvü Zaur İsmayılov APA-ya açıqlamasında bildirib ki, şahidlərin ifadələri əsasında aşkarlanan məzarlıqda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var: “Lakin araşdırmalar zaman məlum olur ki, işğaldan azad olan Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhrinin ətraflarında belə məzarlıqlar mövcuddur. Dövlət komissiyasında artıq məlumatlar var, GPRS kordinatlar müəyyən olunub. Təxminən orada dəfn olunan insanların sayı müəyyən olunub. Ardıcıl olaraq, ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da aşkara çıxarılacaq”.
Z. İsmayılov onu da qeyd edib ki, Füzuli rayonunun Seyid Əhmədli kəndində keçmiş “KolXoxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının kütləvi basdırıldığı barədə məlumatlar da var. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb.