2001-ci ilin dövlət büdcəsi layihəsində “Səhiyyə bölməsi” üzrə xərclərə 545 milyon 372 min 900 manat vəsait ayrılması nəzərdə tutulub. Bu isə 2010-cu ilin proqnozu ilə müqayisədə 5 milyon 947 min manat və ya 10,3 faiz çoxdur.
Lent.az-ın məlumatına görə, gələn il səhiyyə xərclərinin əsas hissəsi əməyin ödənişinə və malların (işlərin və xidmətlərin) satın alınmasına, proqram və tədbirlərin maliyyələşməsinə yönəldiləcək. Belə ki, səhiyyə xərclərinin 279 milyon 279 min 100 manatı ( və ya 51,2 faizi) əməyin ödənişinə, 193 milyon 142 min 700 manatı (35,4 faizi) malların (işlərin və xidmətlərin) satın alınmasına, 72 milyon 951 min 100 manatı (13,4 faizi) digər xərc maddələrinə yönəldilməsi nəzərdə tutulur. Malların (işlərin və xidmətlərin) satın alınması xərclərinin 115 milyon 483 min 400 manatı (89,8 faizi) dərman, sarğı ləvazimatları və materiallarının alınmasına, 18 milyon 925 min 500 manatı (9,8 faizi) ərzaq məhsullarının alınmasına sərf olunacaq. Bu isə 2010-cu ilin proqnoz göstəriciləri ilə müqayisədə müvafiq olaraq 17 milyon 361 min 200 manat və 2 milyon 875 min 600 manat çoxdur.
Xatırladaq ki, 2003-cü ildə səhiyyə ehtiyaclarına 59 milyon manat ayrıldığı halda, 2009-cu ildə bu göstərici 509 milyon 602 min 100 manat, 2010-cu ildə 494 milyon 372 min 900 manat təşkil edib. 2010-cu ildə dərman, sarğı ləvazimatları və materiallarının alınmasına 98 milyon 122 min 200 manat, ərzaq məhsullarının alınmasına isə 16 milyon 46 min 900 manat xərclənməsi proqnozlaşdırılıb.
Büdcənin “Səhiyyə bölməsi” bölməsində ərzaq məhsullarının alınması üçün nəzərdə tutulan vəsait yalnız Bakı şəhərindəki xəstəxanalara aiddir. Rayon xəstəxanalarının ərzaq xərci isə yerli büdcədən maliyyələşir. Mövcud qaydalara əsasən, xəstəxanalar bu vəsaitləri tender yolu ilə xəstələri pulsuz ərzaq və qida məhsullarının alınmasına yönəldir.
Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 saylı qərarı ilə xəstəxanalarda müalicə olunanlar üçün qida normaları müəyyənləşdirilib. Həmin qərara əsasən, xəstəliklərin xüsusiyyətindən asılı olaraq, müalicə-profilaktika müəssisələri üçün ayrı-ayrı qida normaları var. Bu normalara mal əti, toyuq əti, yumurta, makaron, çuğundur, meyvə, kənd, çay və digərləri daxil olmaqla ümumilikdə 31 adda ərzaq və qida məhsullarından ibarətdir.
Elxan SALAHOV
Xəstəxanaların ərzaq təminatına 18 milyon manat
820