Noyabrın 4-nə keçən gecə planetimizdə gözlənilmədən son illərin ən güclü maqnit qasırğalarından biri başlayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, maqnit sahəsinin qeyri-sabitliyi ən azı daha 2-3 gün davam edəcək.
Oktyabrın sonunda baş verən alovlanmadan sonra tədricən azalan geomaqnit aktivlik indeksi birdən-birə 7-ci səviyyəyə (maksimum hədd 9) yüksəlib ki, bu da beş ballıq şkala üzrə 3-cü səviyyəli maqnit qasırğasına uyğundur.
Bununla eyni vaxtda kosmik aparatlar günəş küləyinin sürətində kəskin artım qeydə alıb - saniyədə 400-dən 800 kilometrə qədər. Planetlərarası plazmanın sıxlığı təxminən 100 dəfə artıb. Bütün bunlar onu deməyə əsas verir ki, Yerə böyük bir günəş püskürməsi atılıb.
Alimlər qeyd edirlər ki, son 4 il ərzində Yer kürəsində bu səviyyədə cəmi 4 qasırğa qeydə alınıb: bu ilin 12 mayında, 2019-cu ilin mayında, 2018-ci ilin avqustunda və 2017-ci ilin sentyabrında.
Alimlər xəbərdarlıq ediblər ki, Yerin maqnit sahəsinin qeyri-sabitliyi ən azı 2-3 gün davam edəcək.