Yay mövsümündə məişət tullantılarının daşınması, saxlanması, sterilizasiya olunması kimi məsələlər diqqət mərkəzində saxlanılır. Lent.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin idarə rəisi Ziyəddin Kazımov “Ölkədə mövcud sanitar vəziyyəti və görüldüyü tədbirlər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib ki, Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan mənzil kommunal təsürrüfat obyektləri, inzibati rayonlarda fəaliyyət göstərən təşkilatlar müvafiq qaydada işlər aparmasına baxmayaraq, yenə də əhalinin sayına uyğun olaraq məişət tullantılarının toplanması üçün tutarlar kifayət etmir.
Onun sözlərinə görə, konteynerlərin, ərazinin ağcaqanadlar, gəmiricilərə qarşı dezinfeksiyası işləri kifayət qədər aparılmır: “Bu da əhali arasında haqlı narazılığa səbəb olur. Məişət tullantılarının daşınması müvafiq vaxt çərçivəsində olmalıdır. Bəzi küçələrə, yerlərə maşınların keçilməsi mümkün olmur. Məişət tullantıların yığılması üçün meydançaların kifayət qədər olmaması, tutarların dezinfeksiya edilməsi ilə bağlı dəfələrlə işlər görülsə də, müəyyən problemlər var”.