Zərdab sakini qeyri-adi əl işi ilə hamını heyrətləndirib. Lent.az-ın məlumatına görə, rayonun Bıçaqçı kəndində yaşayan 1971-ci il təvəllüdlü Xamis Həsənov şəxsi evini tam fərqli formada təmir edib. O, lazımsız ağac parçalarından, qamış, şüşə, yapışqan və lakdan istifadə edərək evinin divarlarını xüsusi ustalıqla bəzəyib. Usta Xamis Həsənov Lent.az-a bildirib ki, əvvəlcə otağın divarları həndəsi fiqurlara bölünüb, sonra müxtəlif ölçülərdə kəsilərək kleylə divara yapışdırılan ağac parçalarının aralarına rəngli şüşələr salınaraq kiçik şəbəkələr yaradılıb. Divardakı müxtəlif ölçülərdəki naxışlar insanı heyran edir.
Təmir zamanı mismar, sement və digər tikinti materiallarından istifadə edilməyib, yalnız ağac və şüşə parçaları bir-birinə geyindirilib. Divarda həndəsi naxışlara, quş və qılınc rəsmlərinə, səkkizguşəli ulduz, aypara fiqurlarına geniş yer verilib. İslam və xristianlığın rəmzlərini xüsusi zövqlə divara işləyən usta Xamis öz sənət əsəri ilə bu dinləri birliyə çağırır. Usta otaqların divarları ilə yanaşı tavanını da yaraşıqlı naxışlarla bəzəyib. Müxtəlif ölçüdəki ağac və şüşədən istifadə edərək hazırlanan çilçıraqlar diqqəti cəlb edir. Lazımsız ağacdan və şüşədən istifadə edilərək hazırlanan otaq əsl sənət nümunəsidir. Usta Xamis digər otaqlarını da o cür təmir edəcəyini bildirib. O, çox vaxt aparan və zövqlə işlənilən bu sənət əsərini istirahət mərkəzlərində, restoranlarda, turizm obyektlərində, bağ evlərində də tətbiq edə biləcəyini qeyd edib.
Elvin Yaqubov