Zəlzələ açıqlaması gəldi: “Narahatlığa əsas yoxdur”
07 mart 2013 13:19 (UTC +04:00)

Zəlzələ açıqlaması gəldi: “Narahatlığa əsas yoxdur”

Son günlər Azərbaycanın müxtəlif bölgələrində, Cəlilabad, Mingəçevir, Ağdaşda və digər yerlərdə qeydə alınan zəlzələlər ictimaiyyətdə narahatlıqlara yol açıb.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Mətbuat katibi Vüsalə Rafiqqızı Lent.az-a bildirib ki, son 10 gündə qeydə alınan təkanların hamısı təbii, gözlənilən və xırda təkanlardır.

RSXM-in mətbuat xidmətinin rəhbəri deyib ki, əslində xırda təkanların olması güclü zəlzələlərin baş verməsi ehtimalını azaldır, çünki bu halda enerji boşalması baş verir. Onun sözlərinə görə, Azərbaycan ərazisi seysmik baxımdan aktiv bölgədə yerləşir və ölkəmizin müxtəlif ərazilərində seysmik aktivlik həmişə yüksəkdir: “Bu təkanların qeydə alınmasının bir səbəbi Azərbaycanın aktiv seysmik zonada yerləşməsi ilə əlaqədardırsa, digər səbəbi də  Azərbaycanda kompleks seysmoloji tədqiqatların keyfiyyətinin yüksəlməsi ilə əlaqədardır. Məsələ ondadır ki, Azərbaycanda ən müasir peyk rabitəsi ilə təchiz olunmuş 31 telemetrik seysmik stansiya var. Bu stansiyalar ən həssas təkanı belə qeydə alır. Avropa Seysmoloji Təşkilatının da belə bir qərarı var ki, maqnitudası 3-dən yuxarı olan bütün təkanlar barədə ictimaiyyətə məlumat verilsin. Biz bununla həm də bir növ vətəndaşlarımızı ərazimizdə gedən təbii proseslərlə bağlı məlumatlandırırıq. Son 10 gündə qeydə alınan xırda təkanlar kimi təkanlar həmişə olub və həmişə ola bilər. Ona görə də narahatlıq üçün heç bir əsas yoxdur”.

 

Mərkəz rəhbərinin dediyinə görə, Azərbaycanda ən aktiv zona İsmayıllı-Şamaxı zonasıdır. Talış dağları, Gəncə (Göygöl) və Xəzər dənizində də seysmik aktivlik var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

Oxşar yazılar