<b>Zəhərlənmənin qarşısını necə almalı? - <span style="color:red;">NAZİRLİKDƏN AÇIQLAMA </b>
15 mart 2019 17:14 (UTC +04:00)

Zəhərlənmənin qarşısını necə almalı? - NAZİRLİKDƏN AÇIQLAMA

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti zəhərlənmələrin qarşısının alınması ilə bağlı heyvandarlıqla məşğul olanlara  tövsiyələr verib.

Xidmətdən Lent.az-a bildirilib ki, yaz fəslinin gəlməsi ilə əlaqədar heyvanlar tövlə şəraitindən otlaq sahələrinə çıxarılır. Bu zaman bəzən heyvanlarda zəhərlənmələr və ölüm halları baş verir. Bunun qarşısını almaq üçün fermerlər, kəndli (fermer) təsərrüfatlarının sahibləri bir sıra tövsiyələrə əməl etməklə mövsümlə əlaqədar kənd təsərrüfatı heyvanlarında baş verə bilən zəhərlənmələrin qarşısını ilkin olaraq almış olarlar.

Bildirilib ki, kənd təsərrüfatı heyvanlarının zəhərlənmələri baytarlıqda, kənd təsərrüfatında və sənayedə tətbiq edilən mineral və kimyəvi maddələrdən, bitkilərdən (alkaloidlər, qlükozidlər, şehli otlar və s.), həmçinin heyvanları kiflənmiş, xarab olmuş yemlərlə yemləndirdikdə, bəzi yemlərdən (kartof, çuğundur, pambıq cecəsi və s.) düzgün istifadə olunmadıqda baş verə bilər. Yemlərdən düzgün istifadə olunmaması da heyvanlarda ağır zəhərlənmələrə və kütləvi ölümə səbəb ola bilər. Zəhərlənmələr zamanı heyvanda zəiflik, tənəffüsün tezləşməsi, əzələ titrəməsi, bədən temperaturunun aşağı düşməsi, həyəcanlanma, qıcolma, göz bəbəklərinin genişlənməsi, ürək ritminin zəifliyi, ishal, qusma əlamətləri müşahidə olunur.

Zəhərli maddələrin qana sovrulduğu vaxt onun orqanizmdən xaric edilməsi qanburaxma yolu ilə, sidik qovucu dərmanların və 5 faizli qlükoza məhlulunun vena daxilinə yeridilməsi ilə əldə edilə bilər. Zəhərlənmələrin profilaktikası, yəni baş verməsinin qarşısının alınması çəmən və otlaqlarda zəhərli alaq bitkiləri ilə mübarizə zamanı tətbiq olunan dərmanların düzgün saxlanılmasından, istifadə olunmasından və yemlərin düzgün tədarük edilməsindən ibarətdir.

Heyvanlarda alkaloidlərlə zəhərlənmə müşahidə olunduqda palıd qabığının dəmlənməsi (həlimi), qələvilərlə zəhərlənmə (elementlərin dövrü sistem cədvəlinin ilk qrupunda (şaquli sırasında) olan metalların duzları K, Na, Rb və s.) müşahidə olunduqda 1 %-li sirkə və ya duz turşusu məhlulu ilə, turşularla zəhərlənmə müşahidə edildikdə zəif qələvi məhlulları ilə müalicənin aparılması, ağır metalların duzları ilə (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen və digər ağır metallardan alınan duzlar) zəhərləndikdə isə onlara süd verilməsi müsbət nəticə verir. Zəhərlənmə zamanı heyvanlar arasında timpaniya (köpmə) baş verə bilər. Heyvanlara qıcqırmış, xarab olmuş, turşumuş yemlər verildikdə, onları acqarına təzə şehli üç yarpaq yonca sahəsinə, təzə şehli xəsilə, qanqala və s. buraxdıqda iti timpaniya ola bilər. Bu zaman heyvanın qarnının həcmi böyüyür, vaxtında müalicə və ya operativ müdaxilə olunmadıqda heyvan boğulmadan (asfiksiyadan) ölür.

Heyvanı xilas etmək üçün baytar mütəxəssisinin göstərişi və iştirakı ilə işkəmbəyə zond salınır, quru kömür və ya süd verilməklə masaj edilir, nəticə müsbət olmadıqda, çarəsiz halda sol aclıq boşluğundan işkəmbə troakarla deşilir və içəridəki qazlar xaric edilir. Eləcə də mədə-bağırsaq yolunu boşaltmaq üçün işlətmə dərmanları verilir. Müalicə dövründə heyvanlara yem verilmir.

Timpaniyanın baş verməməsi üçün yemlərin keyfiyyətinə, yemlənmə qaydalarına nəzarət etmək, heyvanların saxlanılmasını düzgün təşkil etmək və otlaqları düzgün seçmək lazımdır. Zəhərlənməyə qarşı aparılacaq müalicə işləri təsərrüfat sahibinin hesabına həyata keçirilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda zəhərlənməyə qarşı aparılan müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Aygün İbrahimli

Oxşar yazılar