Zamanı geriyə döndərən insan-Nəsimi Nəbizadənin reportajı
13 noyabr 2013 00:02 (UTC +04:00)

Zamanı geriyə döndərən insan-Nəsimi Nəbizadənin reportajı

Onun yanına bu dəfə saatımı düzəltdirməyə gedəndə operatorumuz Turalı da özümlə götürdüm. Köhnə dostum çox danışmağı sevməsə də, onu birtəhər yola gətirdim. Fikrim onunla həmsöhbət olmaq idi.

 

- Salam Hacı.

- Nəsimi, xoş gəlmisən, qardaş, nə əcəb?

-  Hacı, saatım xarabdır, buna bir bax.

- Baxaram Nəsimi, qoy qalsın, amma çörək yemişəm, bir stəkan çay içək.

- Neynək, saatsazsan də, saatla işləyirsən, gedək.

Müsahibim Bakının ən məşhur saatsazı Hacı Fətəlidir. Hacı unikal adamdır. Dediyinə görə, uşaq vaxtından saatlara marağı olub. Deyir ki, elə o vaxtdan bəridir saatların içində eşələnir. Hacı saatlara təkcə vaxtı dəqiqləşdirən bir mexanizm kimi baxmır. Saatın fəlsəfəsini bilir, onlarla bağlı maraqlı fikirlər danışır, adamı inandırmağa çalışır ki, saatsazlıq sanki böyük bir elmdir. Hacı Fətəli deyir ki, saatsaz ilk növbədə dəqiq adam olmalıdır, yoxsa ondan saatsaz çıxmaz. Elə dükanda da bunun şahidi oldum. Usta yanına gələn müştərilərin xarab olmuş saatlarına baxıb, onlara saatlarını gəlib götürmələri üçün qəribə vaxtlar deyirdi. Məsələn bu müştəriyə dedi ki, axşamtərəfi 6-ya 27 dəqiqə işləmiş burda ol. Müştəri dükandan çıxan kimi Hacıdan niyə 25 dəqiqə işləmiş və ya yarısında yox, məhz 27 dəqiqə işləmiş dediyini soruşdum. Bildirdi ki, mən o saatı 6-ya 25 dəqiqə işləmiş hazır edəcəyəm, sonra 20 dəqiqəlik də bir işim var. 10 dəqiqəyə geyinib, 6-da dükanı bağlayıb Sumqayıta evə getməliyəm. İllərdir bu cür işləyir Hacı. Yəni saat kimi. Usta bizimlə söhbət edə-edə dükana gələn müştərilərini də yola salırdı. Hacı Fətəli deyir ki, lap gənc yaşlarından Bakıya işləməyə gəlib. Ustası onun “qabında” nəsə olduğunu hiss edib və bu sənətin sirlərini canı-dildən ona öyrətməyə başlayıb. O da korafəhm olmayıb, sənətin sirlərinə tam yiyələnib, hələ bir az da artırıb. Maraqlı işləri var Hacının. Amma ən maraqlısı düzəltdiyi saatlardan birinin geriyə işləməsidir. Hacıdan nə üçün belə bir saat düzəltməsinin səbəbini soruşdum. Dedi ki, Nəsimi, mən bu haqda danışmaq istəmirəm, qoy tamaşaçılar özləri nəticə çıxarsınlar. Mən ustanın nə dediyini başa düşdüm. Yox, Hacı məşhur bu saatı mahnıda deyildiyi kimi, gələn günləri keçən günlərə qurban vermək üçün düzəltməyib. Zamanı geriyə çevirmək istəməyib, əksinə hər bir insanın öz keçmişinə, dünəninə baxıb, gələcəyini necə yaşamalı, necə qurmalı olduğunu anlatmaq istəyib. Ən azından, bizi yaxın tariximizi unutmamağa çağırmaq istəyib. Çünki tarix insanları deyil, insanlar tarixi yazır. İndi isə qayıdaq bayaqkı söhbətə. Hacı bizi çay içməyə dəvət etmişdi axı. Bakının məşhur “Torqovı” küçəsində, elə saatsaz dükanın qabağındakı bir kafedə oturub söhbətə başladıq.


Hacının yanına çox məşhur insanlar gəlir. Onların arasında vəzifəlilər də var, idmançılar da, sənət adamları da. Hamısı ilə də dost olduğunu deyir. O bu dostluğu həm də qazanc yeri olan dükanının divarlarında tarixə çevirib. Gördüyünüz bu fotoşəkillərdə. Sağollaşıb çıxanda Hacı APA TV üçün məxsusi bir saat düzəldəcəyinə söz verdi. Mən də saatsazdan dəqiq nə vaxta düzəldəcəyini soruşdum. Vaxtını dedi, amma mən sizə deməyəcəm. Görmək istəyirsinizsə, saatınızı hər gün APA XƏBƏR-ə qurun…

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713
avatar

Oxşar yazılar