“Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyasına daxil edilib. Dünyada baş verən yol-nəqliyyat hadisələri o qədər geniş vüsət alıb ki, müharibələr zamanı baş verən insan itkilərinə bərabərləşib. Ona görə də bu məsələ BMT-nin proqramına da daxil edilib. Azərbaycan da daxil olmaqla, bütün dünya ölkələri çalışır ki, yol-nəqliyyat hadisələri zamanı baş verə biləcək itkilərin sayını minimuma endirə bilsinlər”. Bu fikirləri “AutoKlub”un budəfəki qonağı, AzTU-nun “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının dosenti, texnika elmləri namizədi Fərhad Eyyubov söyləyib.
Onun sözlərinə görə, dünyada yol-nəqliyyat hadisələri zamanı il ərzində 1 milyon 200 minə qədər insan həlak olur.
Yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinə, baş vermə səbəbin mexanizminə görə və baş vermə məkanına görə 3 qrupa bölündüyünü deyən Fərhad Eyyubov bildirib ki, bu növlər özləri də müxtəlif formalara bölünür. Ümumiyyətlə, yol-nəqliyyat hadisələrinin baş verməsinə bir neçə səbəb göstərilir. 100 yol-nəqliyyat hadisəsinin yaranmasında 250 səbəb və amil nəzərdə tutulub. Yol-nəqliyyat hadisələrin yaranmasının qarşısının alınmasından ötrü mütləq səbəb və amillər müəyyən edilməlidir. Əks halda, gələcəkdə həmin hadisələrin qarşısını almaqdan ötrü tədbirlər sistemini araşdırmaq, nizamlamaq, onları yerinə yetirmək çox çətin bir proses olacaq. Ona görə də onların təsnifatı müxtəlif formada aparılır. Hər bir təsnifat zamanı əsas məqsəd ondan ibarətdir ki, yol-nəqliyyat hadisələrində səbəb və amillər öyrənilsin və yaranan problemlərin aradan qaldırılması mümkün olsun.
Qonaq bildirib ki, yol-nəqliyyat hadisələrinin səbəbləri araşdırılarkən, onlardan biri kimi sürət həddini aşma göstərilir: Bunun özü də bir qədər mücərrəd məhfumdur. Çünki sürət həddini aşmanın özəyinin özündə də bir çox səbəb var. Yol-nəqliyyat hadisələrinin baş vermə xronikası əsasən 3 mərhələdən ibarətdir: ilkin faza, kulminasiya fazası və son faza. Bütün ölkələrdə yol hərəkətinin təşkilində iki məqsəd var. Birinci məqsəd sürəti artırmaqdan ibarətdir. Bəzi ölkələrdə yüksək sürət həddi ölkənin inkişafını göstərən bir əlamətdir. İkinci məqsəd isə təhlükəsizliyin təmin edilməsidir. Yol-nəqliyyat hadisələrinin yaranma səbəbləri kimi yalnız sürət həddi göstərilməməlidir. Qəzaların tək səbəbi bu deyil”.
Qeyd edək ki, yol hərəkət təhlükəsizliyi SAYM sistemi deyilən bir sistemlə nizamlanır. Yəni sürücü, avtomobil, yol, mühit. Burada elementlərin ayrı-ayrıldıqda və birlikdə olan təsiri nəzərə alınır. AzTU-nun dosenti söyləyir ki, sürət həddi deyiləndə, həmin məsafədə yolun özünün elementləri də ora daxildir: “Yolun elə elementləri var ki, həmin elementlərə görə görmə məsafəsi azdır. Misal üçün, iqlim şəraitindən asılı olaraq. Bu zaman sürət mütləq nəzərə alınmalıdır. Yəni sürət həddi artdıqca insanların həmin yolda olan maneələri görmə vaxtı və məsafə azalır. Deməli, reaksiya vermək anı çox güclü olmalıdır ki, həmin sürət həddinə uyğun olaraq müəyyən bir qərar qəbul oluna bilinsin. Hər bir insan da bunu edə bilmir”. Hazırda bizdə bəzi magistral yollarda görmə məsafəsi yolun elementlərindən asılı olaraq çox yüksək göstəricilərə malikdir. Əgər döngələrdə müəyyən şəraitdə görmə məsafəsi az olarsa, həmin sürət həddinə icazə verilməməlidir. Ona görə də sürətdən asılı olaraq, hər bir yolun özünün konstruktiv göstəriciləri var.
Şəhər daxili yollarda sürət həddi adətən 60-dan yuxarı müəyyən olunmur. Məsələn, Ziya Bünyadov prospekti. Orada sürət həddi saatda 80 km təşkil edir. Bu nə dərəcədə doğrudur sualına Fərhad Eyyubov belə aydınlıq gətirib: “Konflikt nöqtələri əsasən nəqliyyat vasitələrinin bir biri ilə ayrılması, qovuşması və kəsişmələri təşkil edir. Həmin yerlərdə konflikt nöqtələr demək olar ki, ya yoxdur ya da azdır. Bakıda da bildiyiniz kimi bir neçə yol var ki, birbaşa olaraq digər yolla kəsişmələrdən azaddırlar. Ona görə də həmin yollarda sürət həddini təqribən 80-90 km ilə tənzimləmək mümkündür. Bakı şəhərində ləngimələr bəzən elə bir həddə olur ki, iqtisadi cəhətdən ziyana səbəb olur. Məsələn, biz ləngimələr səbəbindən dəyən zərəri ölçmürük. Amma müəyyən metodik qayda var ki, ləngimələr üzündən dəyən iqtisadi zərəri qeydə almaq mümkündür”.
Yol hərəkəti haqqında qanunun 50-ci maddəsində ara məsafəsi haqqında məlumat açıq şəkildə qeyd olunsa da, rəqəmlə bağlı heç bir şey yazılmayıb. Bəzi sürücülər ara məsafəsinin saxlanılması ilə bağlı hansısa mənbələrə istinadən müəyyən rəqəmləri misal çəkirlər. Bu halda məsələ öz həllini necə tapmalıdır sualına mütəxəssisin cavabı belə oldu:
“Yol hərəkət qaydalarında prinsiplər iki formada yerinə yetirilir: subyektiv və obyektiv.Ümumiyyətlə, ara məsafəsinin qaydası belədir: hərəkətin təhlükəsizliyini təmin etməklə, ara məsafəsi saxlanılmalıdır. Nəqliyyat vasitələrinin iki ölçüsü var. Bir statik ölçü, digəri də dinamik ölçü. Avtomobilin statiki ölçüsü istehsal edildiyi müəssisə tərəfindən ona verilən uzunluq və endir. Ara məsafəsinin seçilməsi sürücünün özünün təcrübəsinə, nəqliyyat vasitəsinin konstruktiv göstəricilərinə, yolun şəraitinə, mühitə, iqlimə və s. əsasən uyğunlaşdırılmalıdır. Ara məsafəsini təqribi olaraq belə ifadə edək, saatda 60 km sürətlə hərəkət edən nəqliyyat vasitəsində ara məsafəsini həmin sürətin metrlə ifadə olunmuş yarısına qədər götürməyi məsləhət görürlər. Misal üçün, avtomobil saatda 60 km sürətlə hərəkət edirsə, ara məsafəsi 30 metr ola bilər. Yaxud da, saatda 50 km sürətlə hərəkət edirsə, ara məsafəsi 25 metr ola bilər. Bu da digər göstəriciləri nəzərə almadan baş verir. Yəni yol quru olmalıdır, nəqliyyat vasitəsinin ölçüləri normal olmalıdır və s. İstənilən halda ara məsafəsi ehtiyat olaraq nə qədər artıq götürülsə, bir o qədər yaxşıdır”.
Nəqliyyat sistemində nəqliyyat vasitələrinin 4 əsas modeldə idarə olunduğunu bildirən Fərhad Eyyubov, onları belə sıralayıb: “Birincisi, ümumi təyinatlı nəqliyyat vasitələri, sərnişin və yükdaşıma ilə məşğul olan nəqliyyat vasitələri. İkincisi, idarə tabeçiliyində olan nəqliyyat vasitələri. Üçüncüsü, sahibkarlara məxsus nəqliyyat sektoru. Dördüncüsü isə şəxsi nəqliyyat vasitələri”.
Hazırda nəqliyyat vasitələrinin əyləc sisteminin dinamikasının təkmilləşdiyini bildirən qonaq, yol-nəqliyyat hadisələrinin SAYM sistemi ilə təhlil edilərkən, ilk növbədə sürücü amilinin əsas götürüldüyünü vurğulayır: “Yəni sürücü, avtomobil, yol, mühit sistemində, mərkəzi element olmasına baxmayaraq, ən etibarsız elementdir. Yol nəqliyyat hadisələrinin 80 faizdən çoxu, sürücülərin təqsiri üzündən baş verir. Yəni sürücü baş verəcək hadisənin qarşısını ala bilərdi. Təhlil zamanı digər məsələlər isə nəqliyyat vasitələrində olan müəyyən nasazlıqla əlaqələndirilir. Bundan başqa hadisəyə səbəb kimi yol infrastrukturundakı müəyyən çatışmazlıqlar da göstərilə bilər”.