“Yazıçılar Birliyi üçün ayrılan torpaq sahəsinin taleyinin necə olması Birlik rəhbərliyini çox maraqlandırır. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinə bu məqsədlə sorğu göndərmişik. Müəyyən sənədlərin qaydaya salınmasında köməklik göstərmələrini xahiş etmişik”. Lent.az-ın məlumatına görə, bunu modern.az-a AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu deyib.
O qeyd edib ki, AYB gərək bu torpaq sahəsinə gərək elə vaxtında, 2009-cu ildə baş qoşaydı: “İndiyə bəlkə də yazıçıların öz maddi hesabına kooperativ bina tikə bilərdik. Yazıçıların çoxunun mənzil şəraitini yaxşılaşdırardıq. Yenə də gec deyil. Sorğular göndərmişik . Bir nəticə əldə edən kimi mətbuata çatdıracayıq”.
Ə. Əsgəroğlunun sözlərinə görə, istər yaşlı, istər orta və istərsə də gənc ədəbi nəslə malik yazarların hamısının evə ehtiyacı var. “Deyək ki, hansısa yaşlı yazıçı vaxtı ilə özünə kiçik mənzil əldə edə bilib. Amma övladlar böyüyüb, ailə qayğıları artandan sonra o çıxılmaz vəziyyətdə qalır. Nə oğul evləndirə bilir, nə qonaq-qara qəbul edə bilir. Bir növ, yaş ötdükcə həyatın dibinə yuvarlanmaqda davam edir. Orta nəsil arasında da bu problem yaşanır. Onların da övladları böyüyür. Bu onların həyat tərzini bir daha pisləşdirir və onlar bədbin ovqatdan çıxa bilmirlər. Bu da onların yaradıcılığında özünü göstərir. Gənc nəsil yazıçılar da bu problemlə üz-üzədir. Onların da əksəriyyəti evsizlikdən heç evlənə də bilmir. O torpaq sahəsində bina tikilərsə, xeyli yazıçının həyat tərzi yaxşılaşar, – deyə Ə.Əsgəroğlu əlavə edib.