Sabah Bakıda və Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, şimal-şərq küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
Bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin Böyük Qafqazın və Lənkəran-Astara rayonlarının bəzi ərazilərində az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Yanvarın 24-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 25-də arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi meteohəssas insanlarda diskomfort hissi yaradacaq.