1991-ci il, SSRİ-nin dağılması və postsovet ölkələrinin müstəqillik əldə etməsi ilə həmin ölkələr müstəqil xarici siyasət yeritmək və ikitərəfli əlaqələri inkişaf etdirməyi əsas prioritetlərdən biri kimi qəbul etmişdilər. Elə Azərbaycan Respublikası da müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur. 1991-ci il 20 dekabrda müstəqilliyimizi tanıyan Litva Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ilin dekabr ayında qurulmuş və 2007-ci ilin aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılmışdır.
Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər.
Qeyd edək ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi ərazilərinin işğal olunması faktının tanınması və Dağlıq Qarabağ münaqişəsinin həllində özünə tərəfdaş qazanmaq üçün bu əlaqələrə önəm verdiyi kimi, Litva Respublikası da Azərbaycanla siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafında maraqlıdır. Belə ki, Litva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Azərbaycan da Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna və müxtəlif iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.
Bu əlaqələrin inkişafında da təbii ki, ölkə başçılarının rəsmi və işgüzar səfərləri və bu səfərlər çərçivəsində müəyyən olunan hüquq-müqavilə bazası mühüm rola malikdir.
2007-ci il sentyabr ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında imzalanan "Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında" birgə bəyannamə ölkələrarası əməkdaşlığın inkişafında mühüm hüquqi baza olmuşdur.
Bu mühüm səfərlərdən biri də 28 noyabr 2013-cü ildə baş tutmuş və Azərbaycan-Litva münasibətlərinin inkişafında yeni bir stimul yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işgüzar səfəri çərçivəsində Vilnüsdə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüş və görüşdə Azərbaycan-Litva münasibətlərinin indiki vəziyyəti, iqtisadi, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə münasibətlər nəzərdən keçirilmiş, eləcə də bu sahələrdə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunmuşdur.
Beləliklə, bu görüşlər vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında inkişafa impuls yaradır və qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayır.
ləman Xəlİlova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı