Xanım analara...
12 iyul 2014 14:47 (UTC +04:00)

Xanım analara...

Bir həftənin içində iki Xanımın faciəsini yaşadıq. Birini fizik olaraq itirdik. Bizdə əmanət idi. Qaytarıb verdik Allaha. Dedik ki, səndən xəbərli, ya xəbərsizdi deyə bilmərik, amma necəsə yer üzünə yol tapan mərəzlərin əlindən yaratdığın yer kürəsində yaxşı adamlar azalır yavaş-yavaş. Etmə dedik, sənin qədər yaxşılara bizim də ehtiyacımız var. Yaxşılara ömür yazanda xəsisi olma söylədik Allaha. Onsuz da günümüz ah-vay, müharibə, münaqişələrlə keçir.  Bir də bizi yaxşı adamların “Qırmızı kitabı”nı yaratmağa sürükləmə. Kimə deyirsən? O, Allahdı,  küllü-ixtiyar sahibidir. Özü vermişdi, özü yaratmışdı, özü də götürüb apardı Xanımı, əməkdar artist Xanım Qafarovanı... Sizi bilmirəm məndə həmişə bir təəssürat var. Elə bilirəm hər dəfə insanından narazı olanda bir yaxşı, məsum adama ölüm hökmü çıxarıb adamlara acıq verir Allah. Mən bu zamansız, bu yersiz ölümlərə başqa ad qoya bilmirəm...

 

Son dəfə onu APA TV-nin “Üç valet” verilişində qonaq olanda görmüşdüm. Efir öncəsi, necəsiniz, kimi indi mənə son dərəcə mənasız gələn bir sual da vermişdim ona. Yəni canında xərcəng boyda “şəxsiyyət” gəzdirən necə olmalı idi ki? Amma o cavablamışdı sualımı. Əlinə, ayağına baxmışdı. Sonra da iki əlinin barmaqlarını sinəsində düyünləyib, bu dey belə, demişdi.

Üzündəki məsumluq, həm də ağrılardan yaranan yorğunluq adamı dəhşətə gətirirdi. Adamların gözünə baxmaq bəzilərinə görə tərbiyyəsizlikdi. Amma məncə gözə diqqətlə baxmaq yetər ki, kimin nə olduğunu, nə çəkdiyini anlayasan. O qadının gözlərdə hər şey vardı. Amma yaxşı heç nə yox idi. Çünki ümidi sönmüş, sadəcə həyata oynayan, məğrur adamlar onun kimi baxa və dik dayana bilirlər. Əlini tutub möhkəm olun demişdim. Doluxsunub bir əlini ağrıyan sinəsinə sıxıb, bu əl çəkmir axı, işimlə, balamla məşğul olum. Bu dişi canavardı, bir gün məni parçalasa balama yazıq olacaq demişdi.  Heç sağollaşa da bilmədim, həm efir başlayırdı, həm də doluxsunmağımı görsün istəmirdim. Cümləsinin əvvəli də sonu da balası idi balası. O balası ki, bu il birinci sinfə anasız gedəcək. O balası ki, anasının əzablarını görüb amma anlamayacaq yaşdadır hələ. Və artıq himayəyə götürülüb, yaxşı məktəblərdə oxuyacaq, evdə yaşayacaq o bala. Amma Xanım anasız. Bu da bir alın yazısıdır yəqin. Hərdən də deyirlər ki, bəlkə də ədalətli idi o ölüm, adam əziyyət çəkirdi çünki. Mənsə deyirəm ki, ədalətdi, haqdır, hamısı boş söhbətdir. Hər şey alnımızda yazılıdır. Və bircə dəfə bir adam əlinin daliyla alınına yazılan o yazıdan bircə hərf silə bilsə, mən deyəcəm ki, ədalət də var...

 

...Nəhayət o biri xanım, sevimli şairəmiz, bəstəkarımız Xanım İsmayılqızı. Onun verdiyi sualı hələ də düşünürəm: “Ata, anası ölən yetimdi, bəs balası ölən  nədi?”...

Məni qınamayın Xanım banu. Amma bəlkə də ən xoşbəxt ölülər o adamlardılar ki, onları anaları ağlayır. Sizin o sualınızın cavabı budu mənə görə: siz nə qədər bədbəxt görünsəniz də oğlunuz Fəridin gözüylə baxanda xoşbəxt anasınız deyəcəm. Onun sizi nə zamansa öz çiynində Allah hüzuruna aparacaq qədər güclü olduğuna inanmıram çünki. Mənə görə anaları heç bir dildə ağlamaq olmur. O dil, o əlifba, o söz yoxdur hələ. Amma ana dili var. Qoy analar da var olsun... 

Və sizə bir təklifim var. Yeni bir sevgi yaşayın. Sevin dərdinizi Fəridin “acığına”. Dərdi sevgi əridən yalnız. Yoxsa yerlə yeksan eləyər o dərd. Sevin ki, yaşayasınız. Sevin ki, sizi sevənlər də rahat olsun.

Anasız qalan övladların hətta nə qədər tanınan olmalarına baxmayaraq necə kimsəsiz göründüklərinə diqqət eləyin bir də. Məsələn Anar Yusifoğluna baxın. O anasından danışıb kövrələndə özümü bir anlığa onun yerinə qoydum. Üşümüşdüm. Qalın geyim, büründüyü yorğan belə  isitmir adamı o anda.  Onda  Anarın simasında bütün anasızlara yazmışdım ki,

 

Allah səni niyə aldı demirəm…
Allaha da ana lazım…
Bir əl lazım sığal çəksin –sənin kimi.
Bir baxış ki içində qorxu, sevgi, narahatlıq,
rəhm olsun- səndəki kimi…
Hamiya istidi burda.
Soyuqdan tir-tir əsirəm…
Yanına gəlimmi?
Soyuq bədənindən başqa,
heç nə isitməz indi məni…

 

Və sonda,  Xanımın Qafarovanın qızına və Fəridin anası Xanım İsmayılqızına nə qədər bədbəxt deyilsə də, Xanımla Fərid bir o qədər xoşbəxtdilər məncə. Çünki ikisini də anası ağlayır...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863

Oxşar yazılar