Azərbaycanda seçki öncəsi bəzi qrupların aktivləşməsi hər zaman müşahidə olunur. Həmin qrupların təmsilçiləri seçki ərəfəsində Azərbaycan dövlətini, xüsusilə də Silahlı Qüvvələri gözdən salmağa yönələn çıxışlar edir, əsassız ittihamlar irəli sürürlər. Bu günlərdə eyni halı vaxtilə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş və haqqında cinayət işi açılaraq ordudan kənarlaşdırılmış İsa Sadıqovun timsalında yenidən müşahidə etdik. Haqqında cinayət işi qaldırılmış və Norveçdə mühacir həyatı yaşayan bir şəxsin bu ərəfədə əsassız iddialar səsləndirməsi nədən irəli gəlir və nə dərəcədə düzgündür? Əgər bir şəxs uzun müddətdir Azərbaycanda yaşamırsa, burada olub-bitənləri kənardan, mətbuat vasitəsilə öyrənirsə, onun hansısa məsələdə qiymətləndirmə aparması, nəyin düzgün olub -olmaması barədə qərar verməyə iddia etməsi ən azı gülüncdür. İsa Sadıqov bu iddialarla çıxış edən zaman unutmamalıdır ki, onun vaxtilə xidmət etdiyi ordunun səviyyəsi ilə müasir Azərbaycan Ordusu arasında çox fərq var. Baş verən ölüm hallarını “Ordu ölüm maşınıdır” deyə qiymətləndirmək, orduya gedənlərin ya dünyasını dəyişdiyini, ya da xəstələnməsi iddiasını qərəzli şəkildə gündəmə gətirmək Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, özünü Azərbaycanın zabiti adlandıran bir şəxs üçün ləkədir. O, bir azərbaycanlı olaraq, əslində Vətəni qoruyan Ordunun nüfuzdan düşməsi üçün bu cür çıxışlar etməməli, orduda baş verən nöqsanları qabardaraq siyasi arenada özünə yer qazanmağa cəhd etməməlidir.
İsa Sadıqovun digər bir iddiası isə Silahlı Qüvvələrin qoşun növlərində xidmət edən zabitlərin guya hakimiyyətdən, Azərbaycan dövlətinin yürütdüyü siyasətdən narazı olması ilə bağlıdır. Mütəmadi olaraq zabitlərlə tez-tez ünsiyyətdə olan bir insan kimi əminliklə deyirəm ki, onlar Azərbaycan dövlətini, Azərbaycan Ordusunu dəstəkləyirlər. Həm də İsa Sadıqovdan fərqli olaraq, orduda əsl zabit kimi xidmət edirlər.
İsa Sadıqovun, hər bir ölkədə olduğu kimi, bizim orduda da rast gəlinən hansısa çatışmazlıqları canfəşanlıqla qabartmaqdansa, Azərbaycanda son illərdə hərbi sahədəki islahatlar, atılan uğurlu addımlar, keçirilən yüksək səviyyəli parad barəsində fikir bildirməsi daha məqsədəuyğun olmazdımı? Əlbəttə, olardı, amma belə görünür ki, bu, ona sərf etmir. Hər kəsə məlumdur ki, son zamanlar Azərbaycan Ordusu müasir hərbi texnika ilə təchiz olunub. Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri bu gün özünün yüksəliş dövrünü yaşayır. Hərbi paradda nümayiş etdirilən silahların bir çoxu nəinki İran, Ermənistan, Gürcüstan kimi qonşu dövlətlərdə, hətta dünyanın bir çox dövlətlərində belə yoxdur. Hərbi paradda nümayiş olunan silahlara Ermənistanın ekspertləri, müdafiə naziri Seyran Ohanyan belə həsədlə, təşvişlə reaksiya verdiyi halda, İsa Sadıqov niyə bu haqda susub? Bunlara reaksiya verib fikir bildirməmək, reallığı görməmək məntiqdən uzaqdır, qəbuledilməzdir.
Bu gün müstəqil siyasət yürüdən Azərbaycan Rusiyadan, İsraildən, Türkiyədən müasir silahlar alıb. 50-dən artıq dövlətlə hərbi əməkdaşlıq edən Azərbaycanda hərbi təhsil sisteminin də yüksək olması Orta Asiya vətəndaşlarının da burda gəlib təhsil almasına, hərb peşəsinin sirlərinə yiyələnməsinə şərait yaradır. Qeyd edim ki, Azərbaycanda Hərbi Akademiya, Təlim Tədris Mərkəzi, Təyyarəçilik və Dənizçilik Məktəbi də fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə iyunun 25-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yeni inşa edilmiş ikinci müalicə korpusunun açılışı və bu sahədə görülən digər işləri hərbi səhiyyə sahəsinin inkişafının göstəricisi hesab etmək olar. Hərbi həkimlərimizin dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirməsinə dövlət tərəfindən şərait yaradılır. Bu sahədəki ən müasir texnologiyalar hərbi hospitallarımızda istifadə edilir.
Azərbaycan Ordusunda baş verən inkişafı hərbi şəhərciklərdə də müşahidə etmək mümkündür. Demək olar ki, bütün hərbi şəhərciklər yenilənir, əsgərlərin yataq şəraiti, yeməkxanalar müasir avadanlıqla təchiz olunur.
Zabitlərin mənzil probleminin həll olunması istiqamətində də lazımi addımlar atılıb. Prezident İlham Əliyevin iradə və təşəbbüsünün nəticəsi olaraq, 20 ildən artıq qüsursuz xidmət etmiş zabitlərə mənzillər verilir. Qeyd etmək lazımdır ki, bu proses öncəki illərdə də vardı. Ancaq indi ardıcıl, sistemli şəkildə gerçəkləşdirilir. Eyni zamanda zabitlərin, hərbi qulluqçuların əmək haqlarının artırılması, onların kirayə pulu, yemək xərci, paltar kompensasiya kimi pulları verilməsi bu sahəyə olan yüksək diqqət və qayğının göstəricisidir.
Təəssüflər olsun ki, bu faktları görmək istəməyən İsa Sadıqov və onun kimi düşünənlər hələ də qərəzli mövqelərindən əl çəkmək istəmirlər. Dəfələrlə vurğulanan, amma hələ də bəziləri üçün adi sözlər hesab edilən “Ordu nə iqtidarın, nə müxalifətindir. Ordu xalqın, dövlətindir” fikri indi hər kəs üçün vahid deviz olmalıdır. Ordunu gözdən salmaq yolverilməzdir. Azərbaycan Ordusu haqqında fikir söylənəndə son illər görülən mühüm işlər mütləq nəzərə alınmalıdır. Sadalanan faktlara əhəmiyyət vermədən, mövqe bildirmədən, ancaq əsgər ölümlərinin statistikasını aparmaqla Azərbaycan Ordusu haqqında fikir formalaşdırmaq düzgün deyil. Yaxşı olardı ki, İsa Sadıqov Azərbaycan Ordusunu düşmən ordusu ilə müqayisə edəydi, dünya ordularında baş verən ölüm faktlarından danışaydı, sonra bizim ordunu müqayisə obyekti kimi götürəydi. Bütün bunları təhlil etmədən ümumi fikirlər bildirmək, uzun müddət Azərbaycanda yaşamadan dövlət, ordu quruculuğu haqqında fikirlər söyləmək kökündən yanlışdır, destruktivlik göstəricisidir. Fikirlər təhlillərə, təhlillər faktlara əsaslanmalıdır. Hərb sahəsində görülən uğurları görməmək ədalətsizlikdir. Orduya, xalqa, dövlətə müxalif mövqe tutmaq olmaz. Azərbaycan xalqı onsuz da bu cür əsassız söhbətlərə əhəmiyyət vermir. Xalq dövlətini və ordusunu dəstəkləyir. Bizim də borcumuz bu ordunu güclənməsi üçün dövlətə hər bir işdə dəstək olmaqdır.
Emin HƏSƏNLİ
politoloq