"Gilan Holding" və Vergilər Nazirliyi tərəfindən "Gilan Holding"in əməkdaşları üçün "Vergi İslahatları: Təcrübə və qanunvericilik" adlı təlim təşkil edilib.
"APA-Economics"in məlumatına görə, təlim keçirilməsində əsas məqsəd "Gilan Holding"də və holdinqə daxil olan şirkətlərdə çalışan mühasiblər və maliyyə işçiləri, həmçinin auditor və məsləhətçilər üçün vergi qanunvericiliyində qəbul olunmuş və gözlənilən dəyişikliklər haqqında daha ətraflı məlumat vermək və aydın olmayan məqamlar haqqında danışmaq idi. İşçilər tərəfindən verilmiş sualları Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov cavablandırıb.
"Gilan Holding"in Baş administrasiya direktoru Fuad Kərimov bildirib ki, təlim zamanı olduqca aktual mövzular müzakirə olunub: "Təlimlərdə əsasən vergilərlə bağlı məsələlər müzakirə edilib. Əlavə dəyər vergisi, idxal, ixrac və satışla bağlı məsələlər və digər mövzular haqqında danışdıq". O, bildirib ki, təlimin əsas auditoriyasını holdinqin mühasibləri təşkil ediblər.
F.Kərimov vurğulayıb ki, bu cür təlimlərin təşkil edilməsi "Gilan Holding"in əməkdaşlarına vergi orqanları ilə birbaşa dialoq qurmağa və vergilərlə bağlı suallara cavab almağa imkan yaradır: "Belə seminar və görüşləri davam etdirmək istərdik. Düşünürəm ki, bu ilin sonunda və ya gələn ilin əvvəlində bir daha belə bir təlim və ya seminar təşkil edəcəyik. Növbəti tədbir yeni yaranacaq suallara da cavablar əldə etməyə kömək edəcək".