Uşaqlar nə oxusun?
10 mart 2016 12:50 (UTC +04:00)

Uşaqlar nə oxusun?

 

Son dövrlərdə ədəbiyyatımızda yaranan roman bumunun tozanağı hələ də səngimək bilmir. Canlanma yaxşıdı. Lakin hər əlinə qələm alan yazarın romandan başlaması adamı bir az şübhəyə salır. Az qalıram, hər bir yazara deyəm: bəlkə əvvəlcə hekayə, povest yazıb qələmini bir az gərnəşdirəsən? Romanla zarafatmı eləmək olar? Bəs bilmirsənmi, roman hadisələrini, oradakı personajları fırlatmaq üçün adamdan az da olsa bişmiş qafa tələb olunur? Roman dövlət kimidi, onu idarə eləmək hər qələmin işi deyil.

Bu gün oxucuya sinidə söz yığını, lazımsız dəhşətli hadisələr, danışığı-hərəkəti heç bir fəlsəfəyə söykənməyən yersiz qəhrəman sürüsü təqdim edən yazarlar çoxalmaqdadı. Belə şizofrenik məhsulların müəllifləri yazdığına son nöqtəni qoyan kimi Nobel mükafatı umurlar. Onların əsərləri nəzarətdən kənarda qaldığına görə İsveç Kral Akademiyasını söyüb batırırlar.

Bütün bunlar bir yana, mən bu gün öz dilimizdə yaranan uşaq ədəbiyyatından danışmaq istəyirəm.
İbtidai siniflər üçün nəzərdə tutulmuş “Oxu” kitablarında uşaqlara nəyi oxudurlar, bir bilsəydiniz?! Oradakı mətnlərdə tülkü yenə toyuq oğurlayır, canavar dovşanı qovur, dilənçi inkişaf edib padşah olur, çoban öz müdrik məsləhətləri ilə padşahı mat qoyur və s. A kişilər, internetdən istifadə etmək imkanı olan uşaqlar haçana qədər öz dərsliklərində belə bayağı mövzularla qarşılaşacaqlar? Təhsil Nazirliyi bu ölü nöqtədən haçan tərpənəcək? Uşaqlar üçün yazılan yeni mətnlər tədris kitablarına haçan qoyulacaq?

Hələ multfilmlər çəkmək, animasiya kinoları icad eləməkdən danışmıram.

Sovet vaxtı dövrə və dövrün ideologiyasına uyğun uşaq ədəbiyyatı yaranır, yaranan əsərlər tədris kitablarına qoyulurdu. Abdulla Şaiq, Abbas Səhhət, Rəsul Rza, Xanımana Əlibəyli, Mirvarid Dilbazi, Teymur Elçin, Məstan Günər, Məmməd Namaz, Zahid Xəlil kimi imzalar uşaqlar üçün çoxlu sayda şeir və nəsr nümunələri yaradıblar.

Nədənsə, bizim indiki yazarlar uşaqlar üçün yazmaq haqda düşünmür. Düzdü, uşaq ədəbiyyatına girişən yazar böyüyən uşağın psixologiyasının formalaşmasında və onların lazım olan ruhda tərbiyələndirilməsində xüsusi rol oynadığına görə son dərəcə ehtiyatlı olmalı, özünü məsuliyyətli hiss etməlidi. Uşağı öz yazıları ilə aqressiyadan uzaq tutmalı, nə qədər banal səslənsə də, onlarda insanlara, heyvanlara və təbiətə məhəbbət aşılamalıdı.

Bizim tədris kitablarında verilən çoxlu sayda mətn və şəkillərin əksəriyyəti ziyanlı kimi görünür. Yadımdadı, ibtidai sinifdə oxuyan vaxtlarında balaca oğlum bir dəfə “Oxu” kitabında hansısa mətni axtararkən ortalarda kitabı sürətlə vərəqləyib keçdi. Səbəbini soruşanda dedi ki, buralarda bir ilan şəkli var, ondan qorxuram. Kitabı alıb özüm vərəqlədim və həmin ilan şəklini gördüm. Demək, ilan adı keçən hansısa nağıl mətninə qıvrılmış gürzənin şəklini qoymuşdular. Şəkil həqiqətən çox qorxunc idi.
Əslində isə bu kitablardakı mətnlər üzrə rəssamlar işləməli, hər mövzuya uyğun uşaq rəsmləri qoyulmalıdı. Məsələn, ilanın zəhmini azaltmaq üçün rəssam bəzəkli bir ilan çəkib başına da bir bant bağlaya bilərdi.

Yaxud, beşinci sinif kitabında guya vətənpərvərlik aşılamaq üçün erməni kişisinin başını balta ilə arxadan vurub paralayan balaca qızcığazın əhvalatını və şəklini veriblər. Bu şəkilə baxan uşaq elə bilir vətənpərvər olmaq üçün mütləq bir düşmən tapıb onun başını balta ilə qarpız kimi iki bölməlidi.

Əlbəttə, insanlar bilmədiyi işlə məşğul olduqca ortaya daima belə eybəcərliklər çıxacaq.
Özümüzdə olmadığına və dil uyğunluğuna görə uşaqlarımız animasiya filmlərini Türkiyənin uşaq telekanallarından izləyirlər. Artıq orada  da hər şeyin zayını çıxarıblar. Animasiya filmlərinə dini çalarlar əlavə olunub. Bir də görürsən, filmin bir yerində uşaq öz anasından dəstəmaz almağın, namaz qılmağın yollarını soruşur, ana ona izah edərək açıqca din təbliğ  edir. Bundan başqa, tekstlərə “inşallah-maşallah” kimi dini terminlər salıblar. Əlbəttə, belə yollarla dini azyaşlı uşaqların şüuruna yeritmək cinayət sayılmalıdı.

İndi soruşuram, bəs, bizim uşaqlar nə oxumalıdı?

Birincisi, uşaqlar üçün dünya uşaq ədəbiyyatından mütəmadi olaraq sistemli kitablar seçilib tərcümədə çap edilməlidi. İnsanlar uşaqlıqdan mütaliəyə cəlb edilməsə, böyüdükdən sonra onlardan normal mütaliə ummaq düzgün deyil.

İkincisi, uşaqlar üçün yazan öz yazarlarımızı gündəmə gətirməli, yaradıcılıq konkrusları keçirməliyik. Bəyənilən əsərlərin yüksək tirajla çapına nail olmalıyıq. Əlbəttə, bütün bu dediklərim dövlət səviyyəsində həll olunmalı, uşaqların tədris kitablarında maraqlı tekstlər çap eləmək istəyən Təhsil Nazirliyi uşaqlar üçün yazan yazarlarla birgə layihələr hazırlamalıdı.
Yoxsa, gələcəyimizi elmsiz bir ölkənin küçə alverinə meylli insanları arasında yaşamalı olacağıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262
avatar

Murad Köhnəqala

Oxşar yazılar