10 nəfərin öldüyü hadisənin məhkəməsi – Nazim İbrahimovun qardaşı CAVAB VERİR
27 oktyabr 2025 12:26 (UTC +04:00)

10 nəfərin öldüyü hadisənin məhkəməsi – Nazim İbrahimovun qardaşı CAVAB VERİR

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxslərin ifadə verməsi ilə davam edib.

Tağı İbrahimov sadəcə icarədar olduğunu və  baş verən partlayışda özünü günahkar bilmədiyini bildirib:

"Bizi yanğında, partlayışda günahlandırırlar. Halbuki hadisə baş verəndə mən Bakıda olmamışam. Mənə yazılan 693 min manat verginin ödənişini etmişəm, zərərçəkənlərin və ölənlərin xərclərini qarşılamışam. Məhkəmənin ədalətli qərar verəcəyinə ümid edirəm".

Digər təqsirləndirilən Toğrul Rzayev də baş verən yanğında cavabdeh olmadığını bildirib:

“Mən Türkiyədə təhsil alırdım. Zavod ərazisində açılacaq olan restorana görə Bakıya qayıtdım, işim də ancaq orada icarə pullarını yığmaq və çıxan sexləri siyahıya almaq idi. Partlayış olan gün mən Naxçıvanda olmuşam və baş verənlərdə özümü təqsirli bilmirəm”.

Daha sonra Tağı İbrahimovun vəkili vəsatətlə çıxış edərək, yanğın təhlükəsizliyi və partlayışla bağlı ekspertizanın, eləcə də vergi hesablamaları ilə bağlı ekspert  rəyinin  yenidən aparılmasını xahiş edib.

Məhkəmə vəsatətləri təmin etməyib və növbəti iclasın 29 oktyabr-da davam edəcəyi bildirilib.

Xatırladaq ki, 2024-cu il yanvarın 15-də paytaxt Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 526

Oxşar yazılar