2016-cı ildə dünya universitetlərinin nüfuzlu reytinqi olan QS tərəfindən inkişafetməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə 4-cü ən yaxşı iqtisadyönümlü universitet seçildikdən sonra bu il UNEC dünya universitetlərinin reytinqində daha bir uğura imza atıb.
Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünya universitetlərinin veb populyarlığını müəyyən edən uniRank reytinqinin 2017-ci ilin son nəticələrinə görə UNEC birinci olub. Reytinq qiymətləndirilməsinə əsasən, universitet internet resursları üzrə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilib.
uniRank reytinqində UNEC-in tarixi, tələbə və müəllim sayı, təqdim olunan təhsil, kitabxana, idman, mübadilə imkanları, həmçinin qəbul olunma faizi və s. barədə məlumat da əks olunub. Qiymətləndirmədə əsas meyarlardan biri veb-saytın zənginliyi və daha çox istifadəçiyə çatdırılmasıdır.
Qeyd edək ki, UNEC dünya üzrə reytinqə cəlb olunan 12,358 universitet və kollec arasında 3318-ci olub. Siyahıya Massaçusets Texnologiya İnstitutu liderlik edir.
Reytinqlə bağlı ətraflı məlumatla www.4icu.org/reviews/180.htm keçidindən tanış olmaq olar.