Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə universitetin professor-müəllim heyəti və bir qrup tələbəsi ön cəbhədə olublar.
ADİU-nun mətbuat xdimətindən Lent.az-a verilən məlumata görə, professor-müəllim heyəti və bir qrup tələbə Heydər Əliyevin Ağstafa rayonunda ucaldılan abidəsi ziyarət etdikdən sonra Milli Qəhrəman şəhid Rafiq Alıcanovun 50 illik yubileyində iştirak ediblər. Milli Qəhrəmanın abidəsi və Köçvəlli kəndindəki məzarını ziyarət ediblər. Müdafiə Nazirliyinin nümunəvi orkestrının ifası təqdim olunub.
UNEC-in rektoru, professor Ədalət Muradov Prezident İlham Əliyevin ölkədə ordu quruculuğuna və hərbçilərə göstərdiyi qayğıdan danışaraq ordu ilə xalqın, dövlətlə hərbçilərin sağlam vəhdətindən söz açıb.
UNEC-in kafedra müdiri, professor, millət vəkili Xanhüseyn Kazımlı, Milli Qəhrəman Rafiq Alıcanovun həyatından, erməni işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığından danışaraq bildirib ki, Milli Qəhrəmanın qızı UNEC-in məzunudur, oğlu isə III kursda təhsil alır.
Sonra tədbir iştirakçıları Ağstafa, Qazax, Tovuz, Şəmkir, Goranboy və Gədəbəy rayonlarına səfər edərək, ön cəbhədə əsgər və zabit heyəti ilə görüşüb, onlara hədiyyələr təqdim ediblər. Düşmənlə 80 metr məsafədə yerləşən səngərlərdə əsgərlərlə söhbət edib, həyat şəraiti, məişəti ilə yaxından tanış olublar. Əsgərlərin döyüş ruhundan, onlar üçün yaradılan şəraitindən razı qalıblar. Bir daha əmin olublar ki, Azərbaycan ordusu düşməni susdurmaq, geriyə oturtmaq iqtidarındadır. Məğrur döyüşçülərimizin qələbə əzmi yüksəkdir.
Görüşdə millət vəkili Xanhüseyn Kazımlıya “Veteran həmrəyliyi” medalı təqdim olunub.