IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda səfərdə olan İSESCO-nun baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri ilə UNEC rektoru, professor Ədalət Muradov arasında işçi görüş keçirilib.
Universitetdən Lent.az-a verilən məlumata görə, Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa, eləcə də müsəlman ölkələri arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edən qonaq İSESCO nəzdində fəaliyyət göstərən FUIW-in islam dünyasını təmsil edən universitetlər arasında əməkdaşlıq üçün səmərəli platforma olduğunu diqqətə çatdırıb.
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayan Ə.Muradov qonağa Azərbaycan ali təhsilində, o cümlədən UNEC-də həyata keçirilən islahatlar barədə məlumat verib. Ə.Muradov UNEC-in FUIW-in idarə heyətinə üzv seçilməsində göstərdiyi dəstəyə görə təşəkkür edib və bununla da UNEC-in FUIW-in fəaliyyətində daha aktiv iştirak etmək imkanı qazandığını bildirib.
Görüşdə FUIW və UNEC arasında gələcək əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.