Turistlər Azərbaycana yeni qaydalarla gələcəklər
18 sentyabr 2014 17:21 (UTC +04:00)

Turistlər Azərbaycana yeni qaydalarla gələcəklər

 

Azərbaycana gələn turistlər ilə bağlı yeni qaydalar tətbiq olunur. Lent.az-ın məlumatına görə, bununla bağlı Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb.

Qanuna əlavə edilən yeni 7-1.1.-ci (Turizm vizası və turistlərə verilən elektron vizalar) maddənin 7-1.1-ci hissəsinə görə, Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada viza ala biləcəklər.

Maddənin 7-1.2.-ci hissəsinə görə isə turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən ediləcək.

7-1.3.-cü hissədə isə deyilir ki, turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunacaq.

Yeni maddənin 7-1.4.-cü hissəsində isə göstərilir ki, Azərbaycana gələn turistlər turizm şirkətləri vasitəsi ilə elektron viza ala biləcəklər.

7-1.5.-ci hissədə də bildirilir ki, elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər.

Azərbaycana gəlmək üçün turistlərə elektron vizaların verilməsi qaydası Miqrasiya Məcəlləsi ilə tənzimlənir.

 

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896
avatar

Mübariz Aslanov

Oxşar yazılar