Tünzalə Ağayeva: “Biz “Gangam style” ilə yetişə bilmərik”
29 dekabr 2015 18:09 (UTC +04:00)

Tünzalə Ağayeva: “Biz “Gangam style” ilə yetişə bilmərik”

“Son iki ayın ən çox müzakirə olunan mövzularından biri “Səs Azərbaycan” layihəsi oldu. Bu yarışma 40–dan çox ölkədə keçirilib. Bir musiqiçi kimi bu layihənin Azərbaycanda da keçirilməsini arzulayırdım. Çünki bu layihə yaxşı tendensiyalar, yaxşı cığır açır. Qoyduğu hədəflər var. Bu işin bilavasitə içində olduğum üçün çox sevinirəm”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, əməkdar artist Tünzalə Ağayeva deyib.

 

Layihədə münsif qismində iştirak edən müğənni bildirib ki, layihə barədə fikirlər səslənəndə dəvət alacağını bilirdi: “İlk dəfə sizin verilişinizdə etiraf edirəm ki, bu layihənin keçirilməsi ilə bağlı fikirlər səslənməyə başlananda münsiflər heyətində yer alacağımı bilirdim. Təklifi həvəslə qəbul etdim. Bu layihənin ifaçılar üçün açdığı perspektiv, tamaşaçılar üçün açılan fərqli tərəfləri var. “Səs”in hədəflərindən biri artıq tanınan və sevilən mahnıların yeni və fərqli şəkildə təqdim olunmasıdır. Layihə bir yaxud, bir neçə mərhələdən ibarət deyil. Öncə, görmədən dinləmələr olur. Sonra isə perspektivi, potensialı olan iştirakçı görürsən. Maraqlısı odur ki, biz seçmirik, bizi seçirlər. 2-ci mərhələdə seçilən 14 iştirakçı bir-biri ilə yarışdırılır”.

 

T.Ağayeva deyib ki, bu layihədə önəm verdiyi tərəf iştirakçının kreativ olması və başqasına bənzəməməsidir: “Bəli, geniş səs diapazonu böyük şans deməkdir. Amma əsas məsələ səsdə “rəng”in olmasıdır. Təcrübədən də görünür ki, istər bizdə, istərsə də dünyada kiçik səs diapazonu olan müğənnilər var, amma səsi o qədər təsirlidir ki?!”

 

Əməkdar artist bildirib ki, bu gün dünyada estrada musiqisi sektorunda, ələxsus, bəstəkarlıq sahəsində tamamilə başqa tendensiyalar müşahidə olunur: “Müğənni ilk növbədə mahnıları ilə sevilir. Konsert o zaman anşlaqla keçir ki, müğənninin mahnıları sevilir. Əks halda, heç bir reklam, heç bir piar kömək etməyəcək. Bu gün dünyada sadəcə bəstəkar anlayışı yoxdur. Musiqili prodüser deyə bir anlayış var. Bu ticari musiqidən gələn anlayışdır. Hit üçün bir bəstəkar kifayət eləmir. Bəstəkar günün musiqisini hiss etmək üçün musiqi prodüseri olmalıdır. 2005-ci ilə qədər bəstəkarlar öz dövrlərinin musiqi prodüserləri idilər. Çünki müğənnilər onların bəstələri ilə tanınıb, sevilmişdilər. Onların kənara çəkilmələrinin səbəbi bəlkə də şəxsi istəklə bağlıdır- düşünürlər ki, musiqi fərqli tərəfə istiqamətlənib, hit mahnıların tələbləri başqalaşır, onun zövqü ilə yeni düşüncə üst-üstə düşmür. Bu isə normaldır. Hər dövrün öz qanunları var. İstəyim odur ki, hər nəsildə keyfiyyətli insanlar yetişsin. Çünki biz yaxşı nəslin təmsilçiləriyik. İstəməzdim, bəstəkarlarımız kənara çəkilsinlər. Bu halda, məktəb məhv olar. Yeni nəsil nə olacaq bəs? Biz “Gangam style” ilə yetişə bilmərik. Beyinlərin “terroru”na imkan vermək olmaz. Bunun qarşısını almaq mümkün deyil. Yalnız yaxşı musiqiçilər yetişdirməklə, qarşı durmaq olar. İllərdir gündəmdə olan musiqiçiyəm, amma heç zaman düşünməmişəm ki, ucuz musiqi yazım, daha çox qazanım”.

 

Tünzalə Ağayeva yerli müğənnilərə kifayət qədər yatırım edilməməsindən də şikayətlənib: “Düşünürəm ki, bir çox insanlar müasir musiqiyə yatırımların olmasını istəyər. Türkiyə, Rusiya, yaxud elə Avropa ölkələrində təcrübə çoxdur. Əcnəbi müğənnilər gəlməlidirlər, amma balans olmalıdır. Müğənnilər bir yana, bizim elə mükəmməl musiqiçilərimiz var ki, çox ucuz qiymətə çalışırlar. Halbuki, xaricdə çalışsaydılar, daha çox uğur qazanardılar. İstərdim ki, bizim iş adamları məhz belə musiqiçilərə yatırım etsinlər. Çünki biz inkişaf etməliyik. Yerli ifaçılardan fərqli olaraq. əcnəbi ifaçılar çox yüksək məbləğ qarşılığında səhnəyə çıxır. Acınacaqlı haldır ki, niyə bu yatırım çölə atılır? Əgər yerli ifaçılara yatırımlar edilsə, canlı konsertlər çoxalar, orkestrlərimiz inkişaf edər. Xaricdə çıxış edən mükəmməl musiqiçi ölkəsində 30-50 manata işləməməlidir”.   

 

Əməkdar artist, ünvanına səslənən bəzi iradlara da münasibət bildirib: “Düşünürdüm ki, bizim tamaşaçılar “The Voice” haqqında məlumatlıdırlar. Amma belə deyilmiş. Həm də  Türkiyə formatı onları çaşdırıb. Bu layihənin öz nizamnaməsi var. Müxtəlif mərhələlərdə hər münsifin özünün obrazı olmalıdır. Görmədən dinləmələr mərhələsində münsiflər heyətinin üzvləri 14 iştirakçını seçənə qədər çəkilişlər bir neçə gün davam edir. O qədər sual verirlər ki, “niyə eyni geyimdəsiz?” deyə. Səbəbi budur. Xarici ölkələrdə keçirilən layihələrdə də belə olub. Türkiyədə keçirilən yarışmanın formatı başqadır, çünki əvvəlcədən danışıqlar aparılıb. Onlarda iştirakçıların sayı da çoxdur, təxminən, 60-a yaxın. Məncə, bu çox darıxdırıcıdır. Çünki keyfiyyət aşağı düşür”.  

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341
avatar

Oxşar yazılar