TQDK yalnız “Space”dən elan olunan imtahanların cavablarına cavabdehlik daşıyır
13 iyul 2013 21:27 (UTC +04:00)

TQDK yalnız “Space”dən elan olunan imtahanların cavablarına cavabdehlik daşıyır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul kampaniyasının bütün mərhələlərində ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm verir.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə həyata keçirilən ənənəvi layihələrdən biri – “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişi cari qəbul kampaniyasında da fəaliyyət göstərəcək. Hər bir qəbul imtahanından dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası başa çatdıqdan sonra saat 19:00-da “Space” telekanalında canlı yayımlanan həmin verilişdə TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları elan olunacaq və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.  

 

İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək. Son günlər bəzi digər telekanallarda efirə verilən anonslardan məlum olur ki, qəbul imtahanlarından sonra müxtəlif hazırlıq kursları tərəfindən analoji layihənin həyata keçirilməsinə cəhd göstərilməsi, imtahanda istifadə olunmuş sualların müzakirəsinin təşkil olunması planlaşdırılır. TQDK ölkə ictimaiyyətinin nəzərinə çatdırır ki, digər telekanallarda imtahan suallarının müzakirəsi və guya düzgün cavablarının elan olunmasına heç bir cavabdehlik daşımır. Çünki Komissiyanın ekspertləri tərəfindən imtahan suallarının düzgün cavabı kimi təsdiqini tapıb, hüquqi  qüvvəyə malik etalon yalnız “Space” telekanalının adı çəkilən verilişində elan olunacaq.

 

# 4686
avatar

Oxşar yazılar