TQDK imtahanlara hazırlaşır
04 fevral 2013 12:00 (UTC +04:00)

TQDK imtahanlara hazırlaşır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ilində keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün yanvarın 23-dən başlayaraq, seminar-məşğələlər keçirir. Seminar-məşğələlərin məqsədi nəzarətçi-müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Martın 5-dək davam edəcək bu seminarlar TQDK mərkəzi aparatının və regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılır. Seminarların respublikanın bütün şəhər və rayonlarda keçirilməsi nəzərdə tutulur və 15000-ə yaxın nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir. Seminar-məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir.

 

Seminar-məşğələlərin keçirilməsində əsas məqsəd nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı prosedur qaydalarını izah etmək, abituriyent auditoriyasının – imtahan zalının idarə olunmasında professionallıq baxımından mühüm məqamları qeyd etmək, imtahanın gedişində rast gəlinən problemləri sistemləşdirərək həlli yollarını sadalamaq, nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaqdır. Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2878
avatar

Oxşar yazılar