TQDK 3-cü sinif dərsliklərindəki səhvləri açıqladı
22 fevral 2013 17:38 (UTC +04:00)

TQDK 3-cü sinif dərsliklərindəki səhvləri açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) istifadəsi məqsəduyğun hesab edilməyən 3-cü sinif dərsliklərindəki səhvlərin nədən ibarət olduğunu açıqlayıb.


 

TQDK-dan APA-ya verilən xəbərə görə, dərsliklərə dair yekun rəylər fevralın 18-dən Təhsil Nazirliyinə göndərilib.

 

“Azərbaycan dili 3” dərsliyində əsas qüsurlardan biri dil qaydalarının təqdimində nizamsızlıqdır: “Dərslikdə 3-cü sinif şagirdlərinin yaş psixologiyası nəzərə alınmayıb. Sanki 3-cü sinif şagirdi bir tədris ilində Azərbaycan dilinin qrammatikasının əsas qaydalarını sürətlə öyrənib mənimsəməlidir. Bu, şəxsiyyətyönümlü və nəticəyönümlü təhsilin prinsiplərinə uyğun deyil. Məzmun xətləri bir-biri ilə qarşılıqlı əlaqədə verilmir. Dil qaydaları praktiki olaraq digər məzmun standartlarının reallaşmasında rol oynamır. Bununla da “Azərbaycan dili” dərsliyi öz vəzifəsini yerinə yetirə bilmir. Çətin söz və ifadələrin izahında, orfoqrafiya qaydalarında və durğu işarələrinin qoyulmasında bir sıra məqamlarda yanlışlığa yol verilib”.

 

TQDK-nın rəyinə əsasən, dərsliyə salınmış mətnlər şagirdləri Vətəni sevməyə və qorumağa, ölkənin daha da qüdrətli olması üçün çalışmağa, sülhə, vicdanlı olmağa, yalan danışmamağa çağırmalıdır: “Mənəvi-əxlaqi dəyərlər haqqında təsəvvürlər mövcud birgəyaşayış qaydalarına, ənənələrə, adətlərə riayət etməyin zəruriliyini dərk etməkdə şagirdlərə kömək etməlidir. Lakin dərslikdə bu yöndəki mətnlər və çalışmalar ya çox zəif və uğursuzdur, ya da heç yoxdur.

 

Mətnlərin və tapşırıqların ifadə tərzi və cümlə quruluşu Azərbaycan dilinin praktiki işlənmə vəziyyətindən bir çox hallarda seçilir, fərqlənir. Mətnlərin həcmi kifayət qədər böyükdür və bu, şagirddə dərsliyə, mətnə qarşı soyuq münasibət yaradır. Bəsit və yanlış cümlələr, mətnlər dilin ifadə imkanlarından şagirdlərin istifadə etməsinin, bu imkanların onlar tərəfindən mənimsənilməsinin qarşısını alır. Tapşırıqlar, çalışmalar qavramağa yönəlmir, mənəvi tərbiyə məsələlərinin açılmasına xidmət etmir. Tarixi faktlar, hadisələr, ədəbi əsərlərdən gətirilmiş nümunələr çox bəsitdir.

 

Dərsliyin bütün səhifələrinin həm yuxarı, həm də aşağı hissələri rənglənib, boş sahə yoxdur. Yuxarıdakı rəngli effektlərin içində dairələrdə "Dil qaydaları", "Oxu", "Nitq bacarıqları” və s. sözlər, bir çox mətnlərin adı aydın görünmür. Mətnlərə aid illüstrasiyalar əksər hallarda motivasiya xarakteri daşımır, illüstrasiya xatirinə verilib.

 

Bir vacib məsələ də sualların şagirdin şəxsiyyətinə yönləndirilməsidir. Məsələn, "Sizin məktəbdə uşaqlar təbiəti qorumaq üçün nə edirlər?", "Quşları qorumaq üçün sən özün nə edirsən?" kimi suallar birbaşa şagirdin özünə yönləndirilməlidir. Belə suallar və tapşırıqlar onların təbiətə və cəmiyyət işlərinə qayğı ilə yanaşmaq haqqında təsəvvürlərini formalaşdıra bilərdi, öz əməllərinə, öz işlərinə məsuliyyətlə yanaşmaları barədə təsəvvürlər oyadardı. Təəssüf ki, dərslikdə bunlar yoxdur. Tapşırıqlar daha çox test xarakteri daşıyır ki, bu da sərbəst düşüncəyə bir o qədər də imkan yaratmır”.

 

Qeyd olunub ki, “Riyaziyyat 3” dərsliyinin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanunun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində qanunun tələblərinə uyğun çap olunmayıb. Dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir. Proqramdan çoxlu sayda kənaraçıxmalar var. Dərslikdə çoxlu sayda struktur xətaları var.

 

Daha sonra bildirilir ki, anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb: “Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var. Dərsliyin tərtibatı nöqsanlıdır. Rəydə göstərilən çoxlu sayda iradlardan yalnız 13-ü müəlliflər tərəfindən qəbul edilib”.

 

Qeyd edilib ki, “Həyat bilgisi 3” dərsliyində Dövlət Himni və Dövlət Gerbi ilə bağlı səhvlər təkrar olunub. Dərslikdə fənn kurikulumu çərçivəsində nəzərdə tutulmuş alt standartların reallaşdırılmasında çoxlu sayda kənaraçıxmalar var. Bəzi hallarda fənlərarası və fəndaxili inteqrasiya nəzərə alınmayıb. Dərsliyə çoxlu sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul olunmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Oxşar yazılar