Təhsil Nazirliyi Rusiyanın Stalski adına Açıq Sosial Universitetindən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə tələbələrin köçürülməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi tərəfindən Stalski adına Açıq Sosial Universitetindən ABU-ya tələbələrin köçürülməsi ilə bağlı razılıq verilməyib.
Bu ali məktəbdən köçürülmək üçün təqdim olunan akademik arayışlar dövlət nümunəli deyil. Təhsil Nazirliyi bildirib ki, belə tələbələrin sayı çoxdur: “Hətta bu tələbələrin Rusiya Federasiyasına 1-ci kursda təhsil aldığı ali məktəbə sorğular göndərildikdə onların orada təhsil almadığı və ümumiyyətlə bir çox ixtisasların həmin ali məktəbdə olmadığı göstərilirdi”.
Təhsil Nazirliyi nəzərə çatdırır ki, bu günə qədər bu qəbildən olan tələbələr digər ali təhsil müəssisələrinə yerləşdirilməyiblər. Yalnız belə vətəndaşların şikayəti əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan istintaq başa çatdıqdan sonra bu tələbələrlə bağlı istintaqın yekunlarına uyğun qəbul olunmuş qərara əsasən tədbirlər görüləcək.