Tərtərdə ”Bir uşaq - bir dünya” adlı tədbir keçirilib
"Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ”Bir Uşaq - Bir Dünya” adlı layihə çərçivəsində növbəti tədbirini Tərtərdə keçirib.
Lent.az-ın xəbərinə görə, layihə rəhbəri Anar Yusifzadə bildirib ki, əsas məqsəd cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, müdafiə mexanizmləri haqqında uşaqlarla birbaşa çalışan insanların və xüsusi ilə valideynlərin məlumatlılıq səviyyəsinin artırılması və uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilidir.
"Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru, təlimçi Günel Səfərova layihənin icrası zamanı Tərtərin seçilməsininin məqsədini bu rayonun təmas xəttində yerləşməsiylə izah edib. Günel Səfərova uşaq zorakılığının formaları, zorakılıq vasitələri, zorakılıqdan qorunma mexanizmləri haqqında məlumat verib. İcraçı direktor ailənin müasir dünyada dəyər olduğunu qeyd edib. O bildirib ki, uşaqlar təkcə gələcəyimiz deyil, həm də indimizdir, bunu unutmayaq! Uşaqların təhsil almasının vacibliyini qeyd edən G.Səfərova Azərbaycanın ailə modelinin nümunə olduğunu da xatırladıb.
Millət vəkili Sahib Alıyev uşaq hüquqlarının müdafiəsinin dövlətin prioritet istiqaməti olduğunu qeyd edərək bu sahədə ciddi addımlar atıldığını vurgulayıb. O qeyd edib ki, ailə dəyərlərinin kökündə uşaga sevgi durmalidir və valideynlər öz məsuliyyətlərini anlamalıdırlar: "Çünki tərbiyə sevgidən başlayır. Uşaqda vətənpərvərlik hissi formalaşdırmaq istəyiriksə, valideyn özü vətənpərvər olmalıdır. Valideynin sözü ilə əməli üst-üstə düşərsə, uşaq onun dediklərinə həvəslə əməl edəcək və bu vətənpərvərlik məsələsində də keçərlidir. Yaxşı vətəndaş yetişdirmək üçün ilk növbədə özümüz yaxşı vətəndaş olmalıyıq. Əks halda yaxşı vətəndaş yetişməz".
Mediada ailə dəyərlərinə xələl gətirən halların daha çox işıqlandırılmasından narahatlıq ifadə edən Sahib Alıyev bunu təhlükəli hal, mənəvi virus kimi qiymətləndirib. Onu da əlavə edib ki, xəstəlik törədən viruslar imuniteti zəif olanları tez yoluxdurduğu kimi, bu cür viruslara da psixikası zəif olanlar yoluxurlar. Uşaqların tərbiyə metodu ilə bağlı düşüncələrini ifadə edən millət vəkilinin fikrincə, məktəblərdə təhsillə bərabər tərbiyəyə önəm verilməlidi. Ən yaxşı məktəb tərbiyəyə təhsil qədər üstünlük verəndi. Millət vəkili bildirib ki, millətin gələcəyini ilk tərbiyəçi kimi analar müəyyən edir.
Tərtərdə gözəl nəsil yetişdiyini diqqətə çatdıran Sahib Alıyev aprel döyüşləri zamanı tərtərli gənclərin vətən sevgisindən də danışıb.
Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 23 yaşayış məntəqəsi təmas xəttində yerləşən Tərtərin qəhrəman şəhər, əhalisinin cəsarətli olduğunu vurğulayıb. O qeyd edib ki, Ermənistanın təcavüzü, əraziyə Sərsəng su anbarından suyun kəsilməsi və tez-tez torpaqlarımızın yandırılması zorakılığın ən böyük formasıdı. Onun fikrincə, belə hallar əhalinin psixoloji vəziyyətinə təsir edir ki, bu da zorakılıqdı. M.Məmmədov son zamanlar cənab prezident İlham Əliyevin regiona göstərdiyi diqqət və qayğıdan da danışıb, qeyd edib ki, bu uşaq müdafiə sisteminə müsbət təsir edir. Belə ki, ərazidə uşaq bağçası, orta məktəb, musiqi məktəbi olan şəhərcik salınıb, məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşdırılıb.
M.Məmmədov iyunun 26-da Bakıda keçirilən hərbi paradın gənclərin tərbiyəsindəki roluna toxunaraq Ulu öndərin əsasını qoyduğu ordunun şücaətindən danışıb.
252